Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə çeklərinin
(paylarının) yenidən istifadə olunacağı barədə iddialara aydınlıq
gətirib.
ƏMDX-dən AzerTimes-ın sorğusuna
cavab olaraq bildirilib ki, dövlət özəlləşdirmə payları (çekləri)
“Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının
(çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına
əsasən dövriyyəyə buraxılmışdır.
“Azərbaycan Respublikası Prezidentinin 23.12.2009-cu il tarixli
Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə
müddəti 01.01.2011-ci il tarixində başa çatmış və həmin çeklər
tədavüldən çıxarılmışdır.
Bununla dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz
əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə
edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyildir.
Qeyd olunanlara əsaslanaraq, ƏMDX özəlləşdirmə çeklərinin
yenidən istifadə olunacağı ilə bağlı şaiyələri insanların
aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş bir
addım kimi dəyərləndirir və vətəndaşları bu cür şaiyələrə
inanmamağa çağırır. Belə şaiyələri yayan insanların hüquqi
məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq”.