Özəl yataqxanalar tələbələrin kirayə probleminin həll yolu ola bilər – Ekspert

Xəbər - Çingiz Səfərli – Trend:

Ali məktəbə qəbul olan tələbələrin problemi onların tələbə adı qazanması ilə bitmir, əksinə yeni və daha ciddi problemlər yaranmağa başlayır. Onların da başında kirayə evlər və ya yataqxana problemi dayanır.

Bunu AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, rəsmi qurumlar tələbələrin qeyd olunan probleminin hər növbəti ildə aradan qaldırılacağı ilə bağlı bəyanatlar səslədirsələr də, yataqxana problemi bu il də həllini tapa bilməyib:

“Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi cari ildə də qalır. Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Bu baxımdan, özəl yataqxanalar tələbələrin kirayə probleminin həll yolu ola bilər”.

Ekspert qeyd edib ki, dünya ali təhsil müəssisələrinin reytinqlərdə aşağı pillələrdə olmağımızın əsas səbəblərindən biri də tələbə şəhərciyi və yataqxanaların olmamasıdır: “Dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda, bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır. Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı içərisində oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən çoxmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və oradan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapa bilər”.

Twitter:@cingizsafarli

Teqlər: