İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi noyabr ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 3 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 88 nəfər könüllüyə mükafat ödəyib.
Agentlikdən Yenicag.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib.
Qərara əsasən, özəl tibb müəssisələrində çalışan 3 nəfər tibb işçisinə noyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 6 500 manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. Sözügedən sərəncama əsasən, aylıq 250 manat olmaq şərtilə, 88 nəfər könüllüyə noyabr ayı üzrə ümumilikdə 22 000 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
www.yenicag.az