AzerTimes təhsil eksperti Kamran Əsədovla müsahibəni təqdim edir:
– Kamran bəy, öncə bunu qeyd edək: Azərbaycanda nə qədər özəl və dövlət məktəbi var?
– Hazırda 4432 dövlət ümumi orta təhsil məktəbi var və 1.6 milyon şagird də təhsil alır. Özəl məktəblərin sayı isə 30-dan çoxdur.
– Dövlət məktəbləri ilə özəl məktəb arasındakı fərq nədən ibarətdir? Ən əsası, tədris olunma planı arasında fərqlər varmı?
– Fəaliyyət istiqamətindən fərqli olaraq bütün məktəblər dövlətin müəyyən elədiyi tədris planını həyata keçirirlər. Sadəcə, formaca fərqli tədrislər var. Azərbaycanda 2008-ci ildən etibarən “kurikulum” məzmun standartlarına uyğun tədris də təşkil edilir və şagirdlərin hamısı vahid dərsliklərdən istifadə edir. Tədris olunan fənlər arasında isə heç bir fərq yoxdur.
– Bəs alternativ dərsliklər necə, ziyanı varmı?
– “Təhsil haqqında” qanunda qeyd olunub ki, alternativ dərsliklər də mövcuddur, ola bilər. Belə ki, tədris mərkəzləri təhsil alan şagirdlərin bilik və bacarıqlarına uyğun olaraq alternativ dərsliklərdən istifadə edə bilər.
– Özəl məktəblərdə istifadə olunan dərsliklər necə?
– Orada xüsusi olaraq fərqli alternativ dərsliklərdən istifadə olunur. Lakin bu da qeyd etdiyimiz kimi birmənalı olaraq dövlətin müəyyən etdiyi tədris planına uyğundur. Aradakı tərk fərq paraqrafların sayı, həcmi ola bilər. Məsələn, bu cür qeyd edə bilərik. Elə bir şey ola bilməz ki, dövlət müəssisəsinin tarix dərsliyində Manna dövləti olsun, amma özəl məktəbdə, alternativ dərslikdə olmasın.
– Bu cür fərqliliklərə görə şagirdlər üçün hansısa problemlər yaşana bilərmi?
– Tövsiyə olunur ki, vahid dərsliklərdən istifadə olunsun. Çünki şagirdlər qəbul və buraxılış imtahanları zamanı müəyyən çətinliklərlə qarşılaşa bilirlər.
– Bu cür dəyişik metodlar tək bizdədirmi?
– Xeyr. Dünyanın müxtəlif ölkələrində var. Hətta Niderland təhsilində belə bir şey də var ki, məsələn, eyni sinfə aid olan (7-a, 7-b, 7-c) şagirdlərinin hər biri alternativ dərsliklərdən istifadə edir. Bu dərsliklər məhz şagirdin bilik və bacarıqları mənimsəməsinə uyğun olaraq tədris olunur.