Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini şərtləndirir. Bir daha bu səfər onu nümayiş etdirdi ki, rəsmi Bakı və Daşkəndin fundamental məsələlərdə mövqeləri üst-üstə düşür.
Bu sözləri AzerTimes-a Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.
O bildirib ki, bu səfər çərçivəsində imzalanmış sənədlər çoxtərəfli münasibətlərimizin inkişafı üçün böyük perspektiv vəd edir və bunun üçün ciddi hüquqi baza formalaşıb:
“İmzalanmış sənədlər arasında birinin üzərində dayanmaq istəyərdim. Bu, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı bəyannamədir. Əslində bu, Azərbaycan-Özbəkistan münasibətlərinin bundan sonrakı bütün inkişafının yol xəritəsi hesab ediləcək sənəddir. Azərbaycan-Özbəkistan münasibətlərinin elə bir sahəsi yoxdur ki, həmin sənəddə onun inkişaf perspektivləri ilə bağlı müvafiq bənd olmasın”.
E.Nəsirov onu da əlavə edib ki, burada həm ticari-iqtisadi, siyasi-dialoq, eyni zamanda investisiya mühitinin genişləndirilməsi, hərbi əməkdaşlığın dərinləşdirilməsi, elm, texnika, mədəniyyət, humanitar sahələrdə əlaqələrin daha da inkişafının təmin edilməsi kimi mühüm istiqamətlər öz əksini tapıb:
“Ticarət-iqtisadi münasibətlərimizin inkişaf etdirilməsi ilə üçün hər iki dövlətin hökumətlərarası komissiyasının ayda bir dəfə görüşünün keçirilməsi razılaşdırılıb. Bu, çox mühüm hadisədir.
Eyni zamanda o da açıq şəkildə ifadə edildi ki, ölkələrimiz strateji tərəfdaşdır və sözün əsl mənasında fundamental məsələlərdə ortaq mövqedən çıxış edirlər. Təsadüfü deyildir ki, 44 günlük Vətən müharibəsi dövründə də Özbəkistan Azərbaycanın yanında oldu”.