Özbəkistan və Azərbaycan qarşılıqlı yük daşımalarının və iki ölkənin tranzit potensialının artırılması məsələlərini nəzərdən keçiriblər

İyulun 2-si Özbəkistanın baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov Azərbaycanın Özbəkistandakı səfiri Hüseyin Quliyevi qəbul edib.

AzerTimes-ın “UzDaily”yə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual gündəliyini, genişləndirilməsinin perspektivlərini, habelə daha əvvəl əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

İnvestisiya əməkdaşlığının artırılması üçün prioritet sahələr müəyyən edilib – kənd təsərrüfatı, tikinti materialları istehsalı və turizm sahələrində konkret layihələr nəzərdən keçirilib. Azərbaycan şirkətlərinin Özbəkistan istehsalçıları ilə tekstil, dəri və ayaqqabı, zərgərlik və elektrotexnika sahələrində sənaye əməkdaşlığının qurulması üçün işlərin intensivləşdirilməsi barədə razılıq əldə edilib.

Qarşılıqlı ticarət həcminin artırılması yolları müzakirə edilib. Qeyd edilib ki, iki ölkənin iqtisadiyyatları yaxın gələcəkdə illik ticarət həcmini 500 milyon dollara qədər artırmağa imkan verir.


Tərəflər nəqliyyat və logistika sektorunda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə də diqqət yetiriblər. Qarşılıqlı yük daşımalarının və iki ölkənin tranzit potensialının artırılması ilə bağlı bir sıra məsələlər nəzərdən keçirilib. Kənd təsərrüfatı məhsullarının emalı və ixracına yönəlmiş birgə aqroloji klasterlərin yaradılması imkanları müzakirə edilib.

Danışıqların yekunları üzrə tərəflər daha əvvəl əldə olunmuş razılaşmaların icrası və təşviqi, eləcə də ikitərəfli tərəfdaşlığın gündəliyinin genişləndirilməsi istiqamətində fəal qarşılıqlı fəaliyyətə sadiq olduqlarını bildiriblər.

Teqlər: