Özbəkistan səfiri AQTİ laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub (FOTO)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüş keçirilib.

AQTA-dan AzerTimes-a bildirilib ki, görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin qonaqlara AQTİ-nin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının daha səmərəli təşkili ilə bağlı birgə elmi-praktiki araşdırmaların, tədqiqatların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin əməkdaşlığın inkişafına töhvə verəcəyini bildirib.

Qonaqlar İnstitutun fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə AQTİ laboratoriyalarına baxış keçiriblər. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eyni zamanda maddi-texniki bazası barədə ətraflı məlumat verilib.

Səmimi görüşə görə təşəkkür edən səfir Azərbaycan və Özbəkistan arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

Teqlər: