Öz torpağımızı heç kimə verən deyilik! – İlham Əliyev

Öz torpağımızı heç kimə verən deyilik! – İlham Əliyev

Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb.

AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün:

“Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi – çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızı işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur”.

“Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Bu gün səhər uşaqlarla bir neçə tədbirdə iştirak edirdim. Onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? Xeyr dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu”, – Prezident İlham Əliyev vurğulayıb.

Teqlər: