Oyundan əvvəl danışmaq çətindir. Vacib matça çıxacağıq.
AzerTimes xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Bakıda Xorvatiyanın “Osiyek” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
“Hər iki komandada yaxşı futbolçular var. Əlimizdən gələni etməyə çalışacağıq. Meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmaması bizi məyus edir. Bu, texnikalı oyuna mane ola bilər. Şərtlər hər iki tərəf üçün eynidir”, – R.Sadıqov bildirib.
Qeyd edək ki, avqustun 15-də “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə heç-heçə (1:1) qeydə alınıb.