Azərbaycanın tanınmış yazıçısı Çingiz Hüseynov 2024-cü ilin yanvar ayının 8-də vəfat edib. O, uzun illərdir yaşadığı İsraildə ömrünü başa vurub.
Vəfatından sonra sevənləri ilə yanaşı, onu tənqid edənlər də oldu.
Bəs Çingiz Hüseynov kimdir? Niyə o, uzun illərdir Vətəndən kənarda yaşayıb? Nədən ömrünü qürbətdə başa vurdu? Bakıya dönməsinə, burda yaşamasına nə mane olub?
AzerTimes Globalinfo.az-a istinadən yazıçının ömür yolundan bəzi məqamları təqdim edir:
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakı şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU-red.) filologiya fakültəsinə daxil olub, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilib, oranı bitirib (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, burada namizədlik dissertasiyası müdafiə edib.
Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub (1955–1972). Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib. İlk mətbu əsəri “Bakinski raboçi” qəzetində (16 oktyabr 1955) işıq üzü görüb. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olub. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb.
Yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.
Ən məşhur əsəri isə “Fətəli fəthi” romanıdır. Bu əsəri böyük mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundovun həyatından bəhs edir.
Onun əksər əsərləri əvvəl Rusiyada, rus dilində çap olunub, sonradan Çingiz Hüseynov özü əsərlərini dilimizə tərcümə edərək çap edib.
Onu da qeyd edək ki, Ç.Hüseynov Bakıda doğulsa da ömrünün 60 ilini Rusiyada yaşayıb. Ardınca isə İsraildə məskunlaşıb və 94 yaşında vəfat etdikdən sonra elə orada da dəfn edilib.
Xatırladaq ki, o, 2014-cü ildə AYB-dən istefa verib.
Yazıçı Çingiz Hüseynovun fəaliyyəti ilə bağlı fikirlər də birmənalı deyil. Bir qisim şəxs onun Azərbaycana laqeyd olduğunu, bir qismi isə əksini düşünür. Real TV-nın rəhbəri Mirşahin Ağayev də yazıçının vəfatı ilə bağlı etdiyi paylaşımda bu nüanslara diqqət çəkib. Onu əsil yox, əslən Azərbaycan yazıçısı kimi təqdim və tənqid edib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Çingiz Hüseynovun vaxtilə Mirzə Fətəli Axundov haqqında yazdığı “Fərəli fəthi” romanını gənclik illərində oxuduğunu qeyd edib:
“Bu, oxuduğum ən sanballı romanlardan biri idi. İndi də Azərbaycan ədəbiyyatı üçün belə hesab edilir. Çingiz Hüseynov böyük intellektual, ziyalı idi. Mirşahin Ağayevin yanaşmasında da özü üçün haqlı olduğu məqamlar var. Ola bilər ki, Çingiz Hüseynov hansısa həqiqətləri bariz formada səsləndirməyib. Amma onun kimi bir yazıçının olması xalqımız üçün hörmət və nüfuz gətirib. Bunu da heç kim danmır. O, yaşadığı digər ölkələrdə də bu hörməti qoruyub saxlayıb.
Doğrudur, onun Qarabağ məsələsinə səthi yanaşdığı, Azərbaycanın haqlı mövqeyi ilə bağlı səssiz qalması da mediada müzakirə olunub”.