ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşmiş diaspor təşkilatlarının liderləri Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirilməsinə etiraz olaraq “Cronimet” şirkətinin Amerikadakı ofislərinə bəyanat göndəriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bəyanatda Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, çay sularından suvarmada istifadənin təhlükəli olduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasının tələblərini kobud şəkildə pozduğu barədə ətraflı məlumat verilib.
Müraciəti Azərbaycan–Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika– Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta–Azərbaycan İcmasnın nümayəndəsi Əsmər Qarayeva, Florida–Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota–Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı və Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova imzalayıblar.