Zəngilan . Trend:
“Yaxın zamanlarda Oxçuçayın su keyfiyyətinə nəzarət fasiləsiz
onlayn şəkildə həyata keçiriləcək”.
AzerTimes-ın Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, bunu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdə 11 avtomat
hidroloji stansiyadan 4-ü Ermənistanla sərhəddən 10,01 km məsafədə
Şayıflı kəndi ərazisində Oxçuçay, 2,65 km məsafədə Zəngilan rayonun
Rəzdərə kəndi ərazisində Bəsitçay və 6,5 km məsafədə Qubadlı
rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayları, o
cümlədən 6,2 km məsafədə Ağbənd qəsəbəsində Araz çayı üzərində
quraşdırılır.
U.Tağıyeva deyib ki, qonşu ölkələrin ərazilərindən keçərək
Azərbaycana daxil olan çaylarda transhərhəd çirklənmənin onlayn
şəkildə müəyyən edilməsi məqsədilə keyfiyyət sensorları ilə təchiz
olunmuş avtomat hidroloji stansiyaların quraşdırılması prosesi
davam edir və bu ilin ikinci rübündə işlər tamamlanacaq: “Stansiyalarda suyun temperaturunun və su sərflərinin avtomat
rejimdə ölçülməsi çirklənmənin mənşəyinin təyinində və çirklənmə
yükünün hesablanmasında mühüm rol oynayacaq. Əvvəllər hidroloji və
suyun keyfiyyətinə dair monitorinq müəyyən edilmiş vaxtlarda
aparılırdı bu isə yalnız ölçmə zamanı su obyektlərinin hidrokimyəvi
vəziyyətini qiymətləndirməyə imkan verirdi. Lakin ölçmə müddətləri
arasında hər hansı bir fövqəl və qısamüddətli çirklənmə baş
verərkən onu qeyd etmək mümkün olmurdu. Quraşdırılacaq avtomat
stansiyalar isə istənilən anda həm çayların hidroloji rejimini, həm
də suyun keyfiyyətindəki dəyişiklikləri fasiləsiz olaraq izləmək və
vaxtlı- vaxtında lazımi tədbirlər görmək imkanı verəcək. Müvafiq
təşkilatlar üçün məlumat əldə edilməsində əlçatanlıq təmin
ediləcək”.