Xəbər - Fərid Zöhrabov – Trend:
Ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99%-i açılıb.
Ötən illərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışmışdır. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də, işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99%-i açılıb.
Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cümə günü “Xalq” qəzetində dərc edilən məqaləsində deyib.
Xüsusi vurğulanmalıdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması, fərarilik cinayətinin isə demək olar ki, kökünün kəsilməsi ilə nəticələnmişdir. Bu uğurlu tendensiya davam edir.
Misal üçün, 2020-ci ilin 8 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 26,7 %, qulluğa səhlənkar yanaşma cinayətləri 11,1 %, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 53,2 % və hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 48,3 % azalmışdır.
Silahlı Qüvvələrdə cinayətkarlığın qarşısının alınması məqsədilə müxtəlif qəbildən olan, o cümlədən, ölümlə nəticələnən cinayətlərin istintaq və məhkəmə təcrübəsi dövri olaraq ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyatı qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilir.
Vurğulanmalıdır ki, baş vermiş ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi zaman rəhbər tutan Hərbi Prokurorluq əməkdaşları vətəndaşlara nəzakətlə, müraciətlərinə isə xüsusi həssaslıqla yanaşır, işçilər, o cümlədən, rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilir, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilir, hüquqları izah edilir və həyata keçirilməsi üçün hər cür şərait yaradılır.
Hərbi Prokurorluğun kollektivinin səmərəli fəaliyyətinin qiymətləndirilməsi məqsədilə vəzifələrini nümunəvi icra edən əməkdaşlar mütəmadi olaraq Baş prokurorun və Hərbi prokurorun əmrləri ilə müvafiq qaydada həvəsləndirilirlər. Silahlı qüvvələrin yaradılmasının 103-cü ildönümü münasibəti ilə Baş prokuror cənab Kamran Əliyevin bir qrup hərbi prokurorluq əməkdaşının mükafatlandırılması barədə əmr inzalaması və Respublika Hərbi Prokurorluğunun mərkəzi aparatına gələrək kollektivi şəxsən təbrik etməsi, eləcə də, təltif olunanlara mükafatların onun tərəfindən təqdim olunması Hərbi prokurorluğun fəaliyyətinə və onun işçilərinə verilən dəyərin növbəti bariz nümunəsi olmaqla əməkdaşlarda böyük ruh yüksəkliyi yaratmışdır.