Xəbər - Elçin Mehdiyev – Trend:
2020-ci ildə Azərbaycanda ümumtəhsil müəssisələrinin 79 842 məzunu olub.
AzerTimes-ın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib.
Qeyd edilib ki, son on altı ildə məzunların sayı 43 266 nəfər azalıb. Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Son on altı ildə məzunların sayı 35.14% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Ötən illə müqayisədə məzunların sayı 189 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, cari ili nəzərə almasaq, son illər sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı azalmamış, əksinə artmışdır. Bu il isə sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı ötən ilə nisbətən təxminən 7% azalsa da, məzunların mütləq sayı artıb.
Belə ki, builki məzunlar cari ildə sənəd verənlərin 80.52%-ni (65473 nəfər) təşkil edib, lakin ötən illə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən cari ilin məzunlarının sayı 4217 nəfər artıb. Bunun da əsas səbəbi 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlərin içərisində əvvəlki illərin məzunlarının sayının kəskin şəkildə artmasıdır.