Ötən il hotellərin göstəricilərində geriləmə olub – Gecələmələrin sayı azalıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam edib. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb, 2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, 2020-ci ildə mehmanxanalarda keçirilmiş gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,5 faizi Qusarda, 4,1 faizi Qubada, 3,2 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 2,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,9 faizi Şabranda, 1,2 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Gəncə, Xaçmaz, Qax və Şamaxıda, hər birində 0,7 faiz olmaqla Masallı və Zaqatalada, 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.


Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edir. Gecələmələrin 14,4 faizi Rusiya Federasiyası, 9,2 faizi Səudiyyə Ərəbistanı, 9,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,7 faizi Türkiyə, 6,5 faizi Böyük Britaniya, 5,6 faizi Hindistan, 4,1 faizi Küveyt, 3,5 faizi İsrail, 2,8 faizi İran, 2,3 faizi ABŞ, 2,0 faizi İtaliya, 1,9 faizi Almaniya, 1,7 faizi Qətər, 1,4 faizi İraq,1,4 faizi Qazaxıstan, 1,3 faizi Pakistan, 1,3 faizi Ukrayna, 1,1 faizi Belarus, 0,9 faizi Gürcüstan, 20,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel-dekabr aylarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər ediblər.

Teqlər: