Ötən il ərzində Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb

Azərbaycanda 2020-ci ildə 32340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunub.

AzerTimes-ın məlumatına görə, balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun – 12,7 manat, vərəmumun – 131,6 manat, güləmin – 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olub.

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərməklə yanaşı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir.


Belə ki, 2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325,0 min, bal istehsalı isə 3604,1 ton artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə, arı ailələrinin sayı 4,2 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,5-dək yüksəlib.

Teqlər: