Xəbər - Elçin Mehdiyev – Trend:
Dövlət qulluğuna qəbul üçün müsahibələrdə uğur əldə etmiş 734 namizəd 2020-ci il ərzində vakant vəzifələrə təyin edilib. Ən yüksək təyinat müsabiqə üzrə (427 nəfər / 58,17%) müşahidə edilir. Ən çox təyinat müsabiqə üzrə BB4 (223 nəfər), ümumi müsahibə üzrə BB3 (22 nəfər), daxili müsahibə üzrə isə BA3 (35 nəfər) altqruplarına aid vəzifələr üzrə qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə qeyd edib ki, müsahibələrdə uğur əldə edən namizədlər 32 məhkəmə orqanı olmaqla, ümumilikdə, 58 dövlət orqanında müvafiq vakant vəzifələrə təyin ediliblər.
Onun sözlərinə görə, dövlət orqanları tərəfindən ən çox təyinat inzibati vəzifələrin 5-ci və 7-ci təsnifatına uyğun vəzifələr üzrə aparılıb:
“2019-cu ildə 1557 nəfər vakant inzibati vəzifələrə təyin edilsə də, 2020-ci ildə bu rəqəm 823 nəfər (52,85%) azalaraq 734 nəfər olub. Təyinat sayında azalmanın əsas səbəbi 2020-ci ilin mart ayından ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər hesab edilir”.