Xəbər - Samir Əli – Trend:
Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluq orqanlarının icraatında olan 770 işdən 368-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 13401 cinayət işindən 6072-nin istintaqı tamamlanıb.
AzerTimes-ın məlumatına görə, bunu Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.
O bildirib ki, onlardan polis orqanları tərəfindən 4632, prokurorluq orqanları tərəfindən 188 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib, bu da həm miqdar olaraq, həm də faiz nisbətində 2020-ci ilə nisbətən müsbət göstəricilərdir. Həmçinin, şəhərin prokurorluq orqanlarında 180 cinayət işinin icraatına xitam verilib, 202 işin icraatı dayandırılıb. Daxili işlər orqanlarında isə 1440 işin icraatına xitam verilib, 2977 işin icraatı isə dayandırılıb.
Hesabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 4.275.458 manat maddi ziyandan 756.684 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33.510.697 manat məbləğində maddi ziyanın 21.069.713 manatı ödənilib.