Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib – İlqar Abbasov

Xəbər - Samir Əli – Trend:

2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb.

AzerTimes-ın məlumatına görə, bunu Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

Şəhər prokuroru bildirib ki, ötən illə müqayisədə 2252 hadisə, yəni 21,4% artım müşahidə edilib.

“2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 2792 hadisə olmuş, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7608 hadisə olmuş, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olub”, – deyə İ.Abbasov bildirib.

Onun sözlərinə görə, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olub ki, bu ötən illə müqayisədə 5,4% artıb.

Teqlər: