Ötən il “AzerGold” QSC-nin resursları artıb

Xəbər - Samir Əli – Trend:

Ötən il “AzerGold” QSC “Çovdar”, “Köhnəmədən”, “Qaradağ” saziş sahələrini əhatə edən yataqlar və Daşkəsən dəmir filizi yatağı ərazisində 75 778 metr buruq-qazma işləri görüb və 31 min 20 nümunə üzrə laboratoriya təhlilləri aparıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2020-ci il icra edilmiş buruq-qazma işləri ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici hesab olunur: “İl ərzində “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı üçün İlkin Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması yekunlaşdırılıb, “Çovdar” yatağının sulfid mərhələsi üzrə kəşfiyyat və tədqiqat işlərinin yekunlaşdırılması nəticəsində yatağın resursları 533,5 min unsiya, yaxud 16,5 ton artırılıb və bu rəqəmləri beynəlxalq məsləhətçi təsdiqləyib”.


QSC rəhbəri bildirib ki, fəaliyyətə başladığı dövrlə müqayisədə qurumun 2017-2020-ci illərdə qızıl, gümüş və polimetal yataqlarında səmərəli kəşfiyyat və tədqiqat fəaliyyəti nəticəsində beynəlxalq standartlara görə qiymətləndirilmiş və qəbul olunmuş resurslarının həcmi “Çovdar” yatağının sulfid mərhələsi, “Ağyoxuş 1” yatağı və “Filizçay” yataqlarının resursları hesabına 179 min unsiyadan 4 milyon 447 min unsiyaya çatdırılıb. Ümumi Qızıl Ekvivalenti (GEO) hesabı üzrə artım 20 dəfədən çox təşkil edib.

Teqlər: