Ötən il Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyasının idmançıları 82 medal qazanıblar

COVID-19 pandemiyası ilə əlaqədar idman təşkilatlarında
təlim-məşq proseslərinin, kütləvi-sağlamlıq tədbirlərinin,
spartakiada və yarışların keçirilməsinin dayandırılması (Nazirlər
Kabinetinin yanında Operativ Qərargahın müvafiq qərarı ilə)
nəticəsində təqdim edilən hesabatlarda əsasən 2021-ci ilin yalnız
Olimpiya lisenziya idman yarışlarının (xarici ölkələrdə) və onlayın
şahmat turnirlərinin nəticələri yer alıb.

Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyası (AHİTA) 9
idman təşkilatını – 5 idman cəmiyyətini (“Məhsul”, “Spartak”,
“Gənclik”, “Qarabağ”, “Zenit”) və 4 idman klubunu (“Alpinist və
Turist”, “Şahmat və Dama”, “Atilla”, “Pəhləvan”) özündə
birləşdirir.

2021-ci il ərzində həmkarlar ittifaqları (Hİ) idman təşkilatları
216 bədən tərbiyəsi kollektivini əhatə edərək
13 808 nəfər bədən tərbiyəsi və idmançı ilə məşğul
olub. Onlardan 1 385 nəfəri, yaxud
10 %-i qadınlar və qızlardır.

Əhalinin sağlamlığının möhkəmləndirilməsi və idmançıların
hazırlığı üçün respublikanın şəhər və rayonlarında olan
92 idman bazası və qurğusundan (1
atıcılıq tiri, 7 stadion, 2
kompleks idman qurğusu, 40 idman zalı,
3 üzgüçülük hovuzu, 25 sadə idman
meydanı, 13 bədən tərbiyəsi – sağlamlıq mərkəzi və
1 digər qurğulardan) istifadə edilib.

2021-ci ildə gənc idmançıların hazırlığını Hİ idman
təşkilatlarının 9 Uşaq-Gənclər İdman Məktəbi
(UGİM) təmin edib. Bunlardan 1-i
ixtisaslaşdırılmış olimpiya ehtiyatlı, 8-i
kompleks uşaq-gənclər idman məktəbidir. Ötən il 28
UGİM bölməsində 105 məşqçi-müəllimin rəhbərliyi
altında 3 041 gənc idmançı, o cümlədən
218 qız il ərzində idmanın 13
növü ilə müntəzəm məşğul olub. Məşğul olanların
179 nəfəri dərəcəli idmançıdır
(3-ü əməkdar idman ustası, 3
idman ustası, 16-sı idman ustasına namizəd,
20-si birinci dərəcəli və 41-i
kütləvi dərəcəli).

AHİTA Olimpiya Oyunları ərəfəsində beynəlxalq yarışlarda yüksək
nəticələr əldə etmiş idmançıların ustalıqlarının artırılması üçün
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, İdman növləri
üzrə Milli Federasiyalar ilə sıx əməkdaşlıq edib, idmançıların
rəsmi yarışlarda iştirak etməsinə şərait yaradıbdır. Ümumiyyətlə,
AHİTA idmançıları 2021-ci il ərzində iştirak edən yarışlarda
müxtəlif dərəcəli 82 medal qazanıblar (beynəlxalq
turnirlər – 24, paralimpiya – 2,
İslam Həmrəylik Oyunları – 1, dünya
8, Avropa –13 və respublika
34).

Teqlər: