Ötən il 80 milyon manatdan çox maliyyə pozuntuları aşkar edilib – Vüqar Gülməmmədov

2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində 80,1
milyon manat maliyyə pozuntuları aşkar edilib.

AzerTimes-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar
Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama
Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatı təqdim
edərkən deyib.

O qeyd edib ki, hesabat ilinin İş planı üzrə başa çatdırılmış
kənar dövlət maliyyə nəzarət (KDMN) tədbirlərinin nəticələri
əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən, pul və natura
ifadəsində cəmi 35,7 milyon manat məbləğində vəsaitin bərpası ilə
bağlı birbaşa tədbirlər müəyyən edilib.

“Həmin məbləğin 30,8 milyon manatının bərpası, o cümlədən 23,9
milyon manatının pul ifadəsində, 6,5 milyon manatının natura
ifadəsində bərpası, 0,4 milyon manat məbləğində maliyyələşmənin
azaldılması və ya qarşılıqlı hesablaşmaların aparılması təmin
edilib. Beləliklə, bərpası ilə bağlı qərar qəbul edilmiş 35,7
milyon manatın 86,0%-nin icrası 2021-ci ildə təmin olunub. Qalan
4,9 milyon manatın bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər
cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti il hesabata
daxil ediləcək”, – deyə o bildirib.

Teqlər: