Xəbər - Samir Əli – Trend:
Ötən il 3206 hərbi qulluqçu, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxsə psixoloji yardım göstərilib.
Bu barədə AzerTimes-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş 2072 hərbi qulluqçuya, 715 şəhid ailəsinə və müharibədən zərər çəkmiş 419 şəxsə 2021-ci ildə psixoloji yardım göstərilib. Psixoloji yardım xidməti ölkə üzrə 8 şəhər və rayonda – Bakı, Sumqayıt, Gəncə, Quba, Şirvan, Ağdam, Şəki və Lənkəran – “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yaradılmış psixoloji yardım mərkəzlərində həyata keçirilib. İxtisaslaşdırılmış psixoloji yardım xidmətinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığına baxmayaraq, müharibə iştirakçılarının və şəhid ailələrinin psixi sağlamlığının qorunması vacibliyini nəzərə alaraq həmin şəxslərə ödənişsiz şəkildə psixoloji konsultasiya xidməti göstərilib.
Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 (2) psixoloji dəstək xəttinə ötən il müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən 290 müraciət daxil olub. Həmin şəxslərdə yaranmış psixoloji problemlərin həlli və stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
Mərkəzlərdə həmçinin müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.
Qeyd edək ki, ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara, şəhid ailələrinə və müharibədən zərər çəkmiş şəxslərə psixoloji yardımın göstərilməsi Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il 8 nömrəli qərarına əsasən həyata keçirilir.