Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ötən il 237 450 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb.
Bu barədə AzerTimes-a İqtisadiyyat Nazirliyindən bildiriblər.
Məlumata görə, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin göstərilən xidmətlərdən daha rahat və çevik qaydada faydalanması, prosedurların sadələşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması üçün müasir yanaşmaların tətbiqi əsas məqsədlərdəndir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məqsədlərin reallaşdırılması istiqamətində işləri davam etdirir.
2020-ci il ərzində 237.450 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Bunun 63.247-si (26,6 faizi) ilkin, 174.203-ü (73,4 faizi) isə təkrar qeydiyyatın payına düşür. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 35.775-i fərdi yaşayış və bağ evi, 74.533-ü mənzil, 118.534-ü torpaq sahəsi, 2.543-ü qeyri-yaşayış binası, 5.368-i qeyri-yaşayış sahəsi, 637-si əmlak kompleksi, 59-u çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmədir. İlkin qeydiyyatın 36.682-si Bakı şəhərinin, 26.565-i isə regionların payına düşür.
2020-ci il ərzində 34.061 mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə üzərində hüquqların ilkin olaraq qeydiyyata alındığı mənzillərin sayı 7,8 faiz artıb.
Ötən il 199.637 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 262.939 arayış (Forma-1) verilib. 2020-ci il ərzində 32.693 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, vətəndaşların daha rahat şəkildə mülkiyyət hüquqlarını rəsmiləşdirməsi üçün səyyar qeydiyyat kampaniyaları keçirilib və birbaşa ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Ötən il ərzində 27 bu cür səyyar qeydiyyat kampaniyası təşkil edilib.