Ötən il 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb

Xəbər - Humay Ağacanova – Trend:

2021-ci ildə klinikada 170 uşaqda onkoloji xəstəlik aşkar olunub
və hamısı müvafiq protokollar əsasında müalicə alıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə
Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının
şöbə müdiri Reyman İsmayılzadə deyib.

O qeyd edib ki, uşaqların və böyüklərin onkologiyası
bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji
xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil
edir. Uşaqlarda onkologiyanın əsas hissəsini embrional şişlər əhatə
edir.


“Bunların içində leykemiyalar (28%), mərkəzi sinir sisteminin
şişləri (18-20%) və limfomalara (12-14%) daha çox rast gəlinir.
Digər bədxasssəli şişlər, məsələn, nefroblastoma, neyroblastoma,
rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7%-dir. Böyüklərdə təsadüf
edən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi
xərçəngi və.s) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir
müalicə metodları daha yaxşı nəticə verir və uşaqların böyük
əksəriyyətində tam sağalma mümkündür”, – deyə o bildirib.

Teqlər: