Xəbər - Samir Əli – Trend:
Daxili İşlər Nazirliyi (DİN) martın 29-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 22 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında gün ərzində iki yol qəzası baş verib ki, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.