Ötən ay Sabunçuda 60-dan çox narkotik alverçisi saxlanılıb (FOTO)

Sabunçu rayonunda ötən ay ərzində keçirilən əməliyyatlar zamanı
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 63
nəfər saxlanılıb, onlardan 5 kiloqram narkotik vasitə aşkar
edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Sabunçu
Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin
əməkdaşları tərəfindən aprel ayı ərzində Bakıxanov, Balaxanı,
Maştağa, Zabrat qəsəbələri, həmçinin digər ərazilərdə keçirilən
silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan ümumilikdə 63 nəfər saxlanılıb. Aşkar edilən bütün
faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri
başlanılıb.

Saxlanılan şəxslərdən 31-i barəsində məhkəmə tərəfindən həbs,
32-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri
seçilib.

Onlardan ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və
psixotrop maddə olan metamfetamin aşkar olunub. Araşdırma zamanı
müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri rayon ərazisində
yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün
tiryəkxanalar təşkil ediblər. Saxlanılanların cinayət əlaqələrinin
müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin
tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə
tədbirləri davam etdirilir.

Teqlər: