Ötən ay Kliniki Tibbi Mərkəzə dəm qazından boğulma ilə 30 nəfər daxil olub

Xəbər - Samir Əli – Trend:

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə
faktı ilə bağlı 30 nəfər müraciət daxil olub.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu AzerTimes-a bildirib ki, onlar
arasında ölüm hadisəsi qeydə alınmayıb. Müraciət edənlərin hər
birinə tibbi yardım göstərilərək evə buraxılıblar.

“Təəssüflər olsun ki, bu gün Qusar rayonunda bir ailənin 5
üzvünün dəm qazından boğularaq öldüyü bildirilir. Baş
Prokurorluqdan verilən məlumata görə, Qusar şəhərinin H.Əliyev
küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən
birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il
təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə
bağlı məlumat daxil olub.


Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin
iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Hadisə
yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı
səbəbindən baş verməsi ehtimal olunur.

Bu hallarla qarşılaşmamaq üçün əhalini ehtiyatlı olmağa
çağırırıq. Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır:
Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma,
yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma
tutmaları və s. Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım
gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını
ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla
yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa
etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün
hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə
götürülməsi mütləqdir”, – E.Hidayətoğlu bildirib.

Teqlər: