Xəbər - İlhamə İsabalayeva – Trend:
2021-ci ilin fevral ayı ərzində icbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, mamalıq və ginekologiya ilə bağlı olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, fevralda icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox tibbi xidmət göstərilib.
icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin ilkin hesabatlarına əsasən 2021-ci ilin fevral ayı ərzində 335 561 nəfər sözügedən müəssisələrə ümumilikdə 560 464 dəfə müraciət edib. Bu müraciətlər üzrə ümumilikdə 1 214 418 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 1 045 155-i ambulator, 169 263-ü isə stasionar şəraitdə göstərilib. Yanvar ayı ilə müqayisədə fevral ayında müraciət edənlərin sayında 25% artım olub.
Cari ilin fevral ayı ərzində əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlarin siyahısına Mingəçevir şəhəri (449), Şirvan şəhəri (234), Zaqatala rayonu (176), Yevlax rayonu (169), Gəncə şəhəri (164), Qəbələ (158), Ağdaş (152), Qax (143), Göygöl (143) və Xaçmaz (135) rayonları daxildir.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (137 628), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (103 800), Xaçmaz (58 725), Yevlax (58 631), Şəki (40 562), Quba (39 803), Zaqatala (37 327), Ağdaş (35 396), Göyçay (34 520) və Qusar (33 084) rayon Mərkəzi xəstəxanaları daxil olub.
Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğunda Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Şəki, Quba, Zaqatala, Ağdaş, Göyçay və İsmayıllı rayon Mərkəzi xəstəxanaları təmsil olunur.
Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğuna Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz rayon Mərkəzi Xəstəxanası, Qusar rayon Mərkəzi Xəstəxanası, Şirvan şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Şəki, Quba, Salyan və Göygöl rayon Mərkəzi xəstəxanaları daxil olub.