Ötən ay Bakı metrosu 18 milyona yaxın sərnişin daşıyıb

Aprel ayı ərzində Bakı metropoliteni güzəştli və ödənişli
olmaqla 17 milyon 894 min 748 sərnişin daşıyıb. Bu, orta statistik
hesablama ilə gün ərzində 596 min 492 sərnişin deməkdir.

Bunu AzerTimes-a açıqlamasında Bakı metropoliteninin Mətbuat
xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının
mərhələli qərarları ilə pandemiya şəraitində bir sıra yumşalmalar
həyata keçirilir: “Bununla əlaqədar Bakı metropolitenində sərnişin
sayı və axınında da müvafiq artım və dəyişikliklər baş verir.
Verilmiş qərarları diqqətdə saxlayan “Bakı Metropoliteni” QSC
fevral ayından başlayaraq, monitorinqləri daha da sıxlaşdırılmış
qaydada və verilmiş qərarların mümkün təsirləri nəzərə alınmaqla
aparır. Stansiyalarda sərnişin sayı, sıxlığı, axını və
istiqamətləri ilə yanaşı, girişdən platformaya qədər stansiyaların
yüklənməsi, qurğuların fəaliyyəti, hərəkət qrafiki və buna müvafiq
olaraq ventilyatorların iş qrafiki müntəzəm monitorinqlərin əsas
tərkib hissələrindəndir.

Hazırda metropolitendə aparılmış monitorinqlərin nəticəsinə
uyğun olaraq, gur saatlar 7:30-9:30 və 17:30-19:30 olaraq
saxlanılır. Ehtiyat qatarların xəttə buraxılması ardıcıllığının
müvafiq monitorinqləri əsasında qatarların hərəkət qrafikinə
müvafiq dəyişikliklər edilib. Bu məsələlər xüsusi nəzarət altında
saxlanılır və günün saatlarına görə sıxlıq, sərnişin axını və s.
araşdırma parametrlərinə uyğun zərurət yarandıqda, ehtiyat qatarlar
xəttə buraxılır.

Ümumən mart və aprel aylarının iş günləri ərzində metropoliten
orta hesabla gündəlik 600 mindən artıq sərnişin daşıyıb. İstirahət
günlərində isə şənbə, bazar və bayram günlərinin xüsusiyyətlərindən
asılı olaraq, bu rəqəm əsasən 300-500 min civarında dəyişir.
Ümumilikdə, metropoliten gün ərzində orta hesabla yanvar ayında 480
min 8, fevral ayında 517 min 32, mart ayında 525 min 112 sərnişin
daşıyıb”.

Teqlər: