İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə
operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir.
Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi
daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan
verib.
Belə ki, fevral ayı ərzində 26.194 daşınmaz əmlak üzərində
mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin fevral ayı
ilə müqayisədə 8,1% çoxdur.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, aylıq göstəricinin 7.587-i (17.02%-i) ilkin,
18.607-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3.718-i
fərdi yaşayış və bağ evi, 6.293-ü mənzil, 15.302-si torpaq sahəsi,
269-u qeyri-yaşayış binası, 534-ü qeyri-yaşayış sahəsi, 71-i əmlak
kompleksi, 7-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki,
cari ilin fevral ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz
əmlakların 6.727-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına
düşür.
Ötən ay ərzində 1.302 fərdi yaşayış və bağ evi ilkin dövlət
qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin
qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5,1% artıb.
Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə
edilib. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə torpaq
sahələrinin ilkin qeydiyyatı 3,6 dəfə artaraq 4.612 olub.
Cari ilin fevral ayı ərzindəki texniki pasportun və ipoteka
müqaviləsinin sayı
Fevral ayı ərzində 20.948 daşınmaz əmlakın texniki
inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu
isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% artım deməkdir.
2022-ci ilin fevral ayında qeydiyyata alınan ipoteka müqaviləsinin
sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% artaraq 4.723
olub.