9 mart 2022-ci il tarixində Yaponiyanın Azərbaycandakı səfiri
cənab Vada və benefisiar təşkilat qismində çıxış edən Beynəlxalq
Avrasiya Mətbuat Fondu arasında “Tərtər Rayonunun Minadan
Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant
müqaviləsi imzalanmışdır.
Bu layihənin əsas məqsədi Tərtər rayonunda mövcud olan mina və
partlamamış sursatların təmizlənməsində istifadə üçün 11 ədəd mina
dedektoru, 11ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi”
şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə,
Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların
təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtər rayonunda daha
təhlükəsiz şəraitin təmin olunmasıdır. Layihədə nəzərdə tutulan
ləvazimatların alınması üçün Yaponiya Səfirliyi tərəfindən 88,224
ABŞ dolları (təxminən 149,098 AZN) məbləğində yardım ediləcək.
Beynəlxalq Avrasiya Mərbuat Fondu Azərbaycan ərazisində 20 ildən
artıqdır ki, mina və partlamamış susrsatların təmizlənməsi
fəaliyyətini həyata keçirir. Bu gün imzalanmış layihə, 2001-ci ildə
icra olunmuş “Minatəmizləmə komanda heyyətinə minatəmizləmə ilə
bağlı təlimin həyata keçirilməsi” layihəsi və 2004-cü ildə icra
olunmuş “Tərtər rayonunun minadan təmizlənməsi” layihəsindən sonra
Yaponiya Səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi”
üzrə Qrant Yardımı Proqramı çərçivəsində Avrasiya Mətbuat Fonduna
edilmiş 3-cü yardım layihəsidir.
Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot
Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı
çərçivəsində bu günədək cəmi 278 qrant müqaviləsi imzalanıb və bu
müqavilələrin ümumi qrant məbləği 23,450,000 ABŞ dolları (təxminən
39,860,000 AZN) keçir.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı
İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial
rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin
bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata
keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu
günədək səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı
sahəsinin inkişafına yardım prioritet xarakter daşımışdır. Bu
yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları,
qeyri-hökümət təşkilatları, təhsil ,səhiyyə orqanları və digər
qeyri-kommersiya qurumların müraciəti mümkündür.
Əlavə məlumat üçün aşağıdakı nömrələr vasitəsilə Səfirlik ilə
əlaqə saxlaya bilərsiniz:
Tel: (994 12) 490 78 18/19, Faks: (994 12) 490 78 20