Bir neçə gün bundan qabaq ölkədə iki kino ittifaqının birləşməsi günün ən vacib xəbəri kimi geniş yayıldı. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə bu xəbər ciddi müzakirəyə səbəb oldu. Sanki bu birləşmədən sonra kinomuz dünyanı fəth edəcəkmiş…
Yaradıcı ittifaqların yaranma səbəbi yaradıcı şəxsləri nəzarətdə saxlamaq və sovet ideoloqiyasını təbliğ etmək, yaymaq məqsədi daşıyırdı. Eyni zamanda yaradıcılıqla məşğul olan insanların təsir dairəsindən çıxmalarını əngəlləmək və onların fərqli düşünməsinin qarşısını almaq üçün yaranmışdı. Həm də bu ittifaqlar bir cəza aparatı idi. Sovetlər dönəmində bu belə idi.
Unutmayaq ki, bu ittifaqlar geniş səlahiyyətə malik idi. Onların dərkənarı olmadan heç bir sənət nümunəsi işıq üzü görə bilməzdi…
İndi bizim ittifaqların hansı səlahiyyəti var? Kino İttifaqı film çəkmək istəyən rejissora imkan yarada bilərmi?
Bu yalnız Kino İttifaqına aid deyil. Bütün ittifaqlarda eyni vəziyyətdir. Əgər hər hansı bir yaradıcı ittifaq hansısa sənət əsərinin ərsəyə gəlməsinə, işıq üzü görməsinə şərait yarada, təsir edə bilmirsə, onda mənası varmı belə ittifaqların?
Kino incəsənətin qismən yeni bir növü olsa da, yəni ədəbiyyat, musiqi, rəngkarlıq qədər qədim tarixi olmasa da, müasir dünyada çox böyük təsir gücünə malik olan bir sənət növüdür. Kinonun təbliğat vasitəsi kimi sonsuz təsir imkanlarına malik olmasını qeyd edib uzun-uzadı fikir söyləmək istəmirəm. Bu, hər kəsə məlumdur.
Azərbaycan kinosunun böyük tarixi var. Əfsuslar olsun ki, bu tarixi nailiyyətdən istifadə edib inkişafa nail ola bilmədik. Kino peşəkarlarımız illərlə kino çəkmək həsrəti ilə yaşayır.
Kino olduqca böyük vəsait tələb edən sənət növüdür. Dövlətin kinoya ayırdığı illik büdcə, əslində, yaxşı bir sənədli filmin büdcəsinə bərabərdir. Bu cüzi vəsaitlə dünyaya çıxa biləcək, böyük səs-küy yaradacaq kino cəkmək olarmı?
Dünyada hər il 5000-dən artiq film çəkilir. Bu filmlərin hamısı uğur qazanırmı? Əlbəttə ki, yox. Çəkilən minlərlə filmdən 50-60 film böyük tamaşaçı kütləsinin rəğbətini qazana bilir. Amma bu filmlərə millionlar sərf olunur. Məgər həmin dünyəvi kino şirkətləri bu il uğur qazanmayanda növbəti illərdə kino çəkmirlər? Əlbəttə ki, çəkirlər. Çünki olduqca qəliz, çətin kino industriyası daim formada olmalıdır və fəaliyyət göstərməlidir. Kino mütəxəssisləri ildən ilə püxtələşməlidir. Bunun üçün isə yaxşı, ya pis, hər il filmlər çəkilməlidir. Biz isə istəyirik ki, cüzi vəsaitlə kino çəkib dünyanı heyrətləndirək. Belə olmayanda, düşünürük ki, kinoya daha artıq pul ayırmağa dəyərmi? Yəni bizə kino lazımdırmı?
Kino həm də böyük qazanc gətirən sahədir. Azərbaycanda isə kino bazarı çox kiçikdir. Bu kiçik bazarda, vur-tut 20-30 kinoteatrı olan ölkədə kinodan milyonlar qazanmaq ümidi ən azından sadəlövlükdür. Ona görə də kinoya investisiya cəlb etmək müşkül məsələdir. İnvestor istənilən halda yatırdığı vəsaiti necə geri qaytarmağı, üstəlik qazanc əldə etməyi düşünür. Sponsorlar üçün kino o qədər də maraqlı və cəlbedici sahə deyil. Bir çox ölkələr bu məsələni qanunvericilik səviyyəsində həll ediblər. Kino investorları və ya sponsorları müəyyən iqtisadi güzəştlər əldə edirlər. Bu da onlarda kinoya sərmayə yatırmaq ücün maraq yaradır. Biz amma belə güzəştlərə getmirik. Üstəlik, rəsmi qurumlar kinoya ayırdığı vəsaitin geri qaytarılacağı haqqında zəmanət istəyirlər. Bu isə bizim kimi kiçik kino bazarı olan ölkələrdə mümkünsüzdür. Onda sual olunur: belə olan halda bizə kino lazımdırmı?
Kino millətin intellektual səviyyəsini göstərən sənət nümunəsidir. Mən də sual edirəm:
Bizə kino lazımdırmı?
Kino müasir dünyada ən güclü təbliğat vasitəsidir.
Siz deyin:
Bizə kino lazımdırmı?
P.S. Dünən gecə Oskar mükafatının təqdimetmə mərasimini izlədikdən sonra düşündüklərimi sizinlə bölüşdüm…