Oskanyanla Qərb siyasiləri nə adla görüşür?

Oskanyanla Qərb siyasiləri nə adla görüşür?

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ABŞ və Avropa ölkələrində yüksək vəzifəli rəsmilərlə intensiv görüşlərinə dair xəbərlər yayılıb. Oskanyan Baş nazir Nikol Paşinyana Azərbaycanla razılaşma əldə etməyə mane olmağa çalışır.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Paşinyan hakimiyyətinə qatı müxalif mövqe tutan Oskanyanın ABŞ və Avropa ölkələrində kimlərlə görüşməsi maraqlıdır:

“Axı həm Vaşinqton, həm də Brüssel Nikol Paşinyana dəstək verir. Belə çıxır ki, həmin dairələr Paşinyana dəstəklə yanaşı onun mövqelərini zəiflətməyə çalışan Oskanyanla da fikir mübadiləsi aparırlar. Ancaq bu Rusiyanın təsirindən qurtulmağa çalışan Nikol Paşinyana əlavə problem yaradır. Bu isə Qərbin maraqlarına ziddir.

Vardan Oskanyan müxalifət partiyalarında təmsil olunmayıb, deputat deyil, sadəcə özünün təsis etdiyi fond sədridir. Böyük ehtimalla fondu üçün müxtəlif təşkilatlardan ianə toplayır, içində erməni lobbisinin təmsilçiləri də var, yol və otellərdə qalma pulunu onlar verir. Nikol Paşinyanın daxili və xarici siyasətindən narazı qalan erməni diasporunun imkanlı nümayəndələrinin Oskanyana maliyyə ayırdığı istisna deyil. Vardan Oskanyan eyni zamanda təsis etdiyi “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi”nə diqqəti cəlb etməyə çalışır. Paşinyan və onun komandası Qarabağ mövzusunu unutmağa çalışarkən, Oskanyan tam tərsiylə məşğuldur. Əgər Nikol Paşinyan Azərbaycanla razılaşma əldə etmək istəyirsə, Oskanyan kimilər ona mane ola bilməyəcək. Buna baxmayaraq, suyu bulandırmağa çalışan Oskanyanın fəaliyyəti müxtəlif qüvvələrin maraqlarına xidmət edir. Bunlar arasında Ermənistanın radikal müxalifətindən tutmuş Paşinyana nifrət edən Rusiyadakı dairələrə qədər müxtəlif mərkəzlər var”.

Teqlər: