Rusiya Ermənistanla dostluğu səmimiyyətlə qiymətləndirir. Qardaş xalqlarımızı çoxəsrlik mədəni-sivilizasiya əlaqələri, mənəvi yaxınlıq birləşdirir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu gün jurnalistlərlə söhbətində deyib.
“Tarixi yenidən yazmaq cəhdi bu faktı ləğv etməyəcək. 8-ci sinfin yeni erməni tarixi dərsliyindən Oşakan döyüşü ilə bağlı abzasın çıxarılmasına baxmayaraq, biz o yaddaqalan günlərin qəhrəmanlarını həmişə sizinlə birlikdə xatırlayacaq və ehtiramla anacağıq”, – o bildirib.
Qeyd edək ki, 8-ci siniflər üçün Ermənistan tarixi kitabında Türkmənçay müqaviləsinin təhrif edilməsi, bu saziş nəticəsində guya “Şərqi Ermənistanın Rusiya tərəfindən işğalı” barədə yazılanlar Rusiyanın kəskin etirazına səbəb olub. Rusiya tarixin saxtalaşdırılmasını “həyasızlıq” adlandırıb.
Tarixdən bəllidir ki, Türkmənçay müqaviləsinə Rusiya şərt kimi hayların Cənubi Qafqaza köçürülməsini bənd olaraq daxil edib və 1829-cu ildən başlayaraq, hayların Qarabağa və İrəvan quberniyasına kütləvi köçünü təşkil edib. Daha sonra Alban kilsəsini ermənilərə bağışlayan çar fərmanı ilə Azərbaycan tarixinin, mədəniyyətinin, alban kimliyinin mənimsənilməsi üçün haylara misli görünməmiş imkan tanınıb, nəticədə də Cənubi Qafqazda erməni dövlətini yaradıb.
Oşakan döyüşü isə Rusiya imperiyası qoşunlarının Qacarlara qalib gələrək, İrəvan qalasını ələ keçirməsidir. 1827-ci il 13 oktyabrda İrəvan şəhəri ruslar tərəfindən işğal olunub. Rusların ermənilər üçün yazdığı saxta tarixdə İrəvan şəhərinin işğal edilməsində “erməni birliklərinin rolu” da qabardılıb və Rusiya buna “birgə tarix” deyib, saxtakarlıq edir.
13 oktyabra hələ iki ay qalsa da, Rusiya İrəvan qalasının işğalının 197-ci ildönümünü Ermənistanda qeyd etməyə başlayıb.