Ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər türkdilli dövlətlərin qarşılıqlı fəaliyyətinin əsasıdır – Vüqar Rəhimzadə

Böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq bütün
dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi
əsasında əlaqələr quran Azərbaycan xarici siyasətində türkdilli
dövlətlərlə əməkdaşlığın inkişafını prioritet istiqamət kimi
diqqətdə saxlayır. Xalqlarımızı birləşdirən ortaq soykök, tarix,
mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli
fəaliyyətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev daim
Türk dünyasının birliyi istiqamətində biri-birindən mühüm addımlar
atmış, “Gücümüz birliyimizdədir!” çağırışını etmişdir. Dünyaya
nümunə olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bir çox
məqamları özündə ehtiva etməklə yanaşı, türkdilli dövlətlərin
postmünaqişə dövründə birliyi məsələsini daha da aktuallaşdırdı.
Vətən müharibəsi dövründə dünyanın koronavirus infeksiyası ilə
mübarizə tədbirlərini gücləndirdiyi zamanlarda da Azərbaycan Türk
dünyasının birliyini diqqətdən kənarda saxlamadı. Dövlət başçısı
İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının Zirvə Görüşü keçirildi.
Azərbaycanın bu səpkili təşəbbüslərini xeyli sayda sadalamaq olar.
Ölkəmizin son iki ildə Türk Şurasına sədrliyi dövründə bu birliyin
daha da möhkəmləndirilməsinə xidmət edən uğurlu nəticələr əldə
olunub. Məlumdur ki, ötən ilin noyabr ayında İstanbulda Türk
Dövlətləri Təşkilatının tarixi iclası keçirildi. Türk dövlətlərinin
dövlət başçılarının iştirak etdikləri həmin tədbirdə Azərbaycan
Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif
edildi. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderləri
tərəfindən imzalanmış Qərara əsasən, dövlət başçısı İlham Əliyev bu
Ali Ordenə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi
Zəfərimizə, eyni zamanda, Türk dünyasının birliyinə verdiyi
töhfələrə görə layiq görülmüşdür. Bir mühüm məqamı da qeyd edək ki,
bu ilin mart ayının 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına
(TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının
Türkiyənin Bursa şəhərində keçirilən iclasında Azərbaycanın
mədəniyyət paytaxtı Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət
paytaxtı elan edilməsi barədə qərar qəbul edilmişdir. Bu faktın özü
türkdilli dövlətlərin postmünaqişə dövrünün reallıqlarının
təqdimatında birliyinin, həmrəyliyinin göstəricisidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün türk dövlətlərinin ortaq
keçmişdən ortaq gələcəyə doğru birgə addımlaması reallıqdır: “Bu
reallığın formalaşdırılması üçün əməli addımlar atılır, nəticələr
əldə olunur, qazanılmış hər nailiyyət növbəti uğurlarla
möhkəmləndirilərək daha da inkişaf etdirilir. Qeyd etdiyimiz kimi,
tarixi Zəfərimiz Türk dünyasının birliyinin və həmrəyliyinin daha
da gücləndirilməsində mühüm rol oynayır. Bu gün yeni reallıqlara
uyğun olaraq regionda həyata keçirilən beynəlxalq və regional
layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini
verməkdədir. Yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması türk
dövlətləri arasındakı bağlılığı daha da möhkəmləndirəcək,
əməkdaşlığa yeni nəfəs gətirəcək. Türk dünyası üçün möhtəşəm bir
gələcək başlanır. Azərbaycan bu gələcəyin əsas
müəlliflərindəndir.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu günlərdə
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri,
səfər çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər,
eyni zamanda, birgə bəyanatda səsləndirilən fikirlər hazırkı dövrdə
türkdilli dövlətlərin birliyinin zəruriliyinə bir daha işıq saldı:
“Qırğızıstan Prezidentinin qeyd etdiyi kimi, dünyada baş verən
dərin dəyişikliklər yeni tipli münasibətlər qurmaq, onları daha
humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas
götürmək üçün tarixi şans verir. Türk məkanında artıq uğurla
oturuşmaqda olan bu yeni münasibətlər yeni dövrün dövlətlərarası
qarşılıqlı münasibətlərinin nümunəsi olmağa layiqdir. Dövlət
başçısı İlham Əliyevin Türk dünyasının birliyi yönümündə yeni
baxışları dəstəkləməsindən məmnunluğunu ifadə edən Sadır Japarov bu
məqamı da xüsusi qeyd etmişdir ki, mürəkkəb dövrlərdə güclü
liderlər tələb olunur. Ölkələrini daha güclü, dünyanı isə daha
yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Bu baxımdan da
Prezident İlham Əliyevin Azərbaycan dövlətinin, xalqının bugünü və
gələcəyi üçün gördüyü işlər, xalqının rifahı və ümumbəşəri dəyərlər
naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerjisi təqdir olunaraq
belə bir əminlik ifadə edilmişdir ki, bu dəyərlər əsasında
azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki,
birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya
qurulmasına öz töhfəmizi verəcəyik.”

Vüqar Rəhimzadə Azərbaycan-Qırğızıstan münasibətlərinin
keyfiyyətcə yeni səviyyəyə çatdığını bildirərək deyib: “Qırğız
Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri
çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında
Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın
yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər.
Məlum olduğu kimi, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin
yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli
əməkdaşlığa kökləyir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq
təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.
Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk
Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə eyni
mövqedən çıxış edir.”

“Birgə bəyanatda bu mühüm məqamlar öz əksini tapıb ki, nəqliyyat
infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli
fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanın
liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.
Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri
üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji
müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik
elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var.
Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın
investisiya potensialından istifadəyə çox ehtiyac var. Kənd
təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biri
kimi qeyd olunub”,-deyə YAP Xətai rayon təşkilatının sədri
bildirib.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin “Biz bundan sonra
da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək
və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail
olacağıq” fikirlərini Azərbaycan-Qırğızıstan, ümumilikdə Türk
dünyasının birliyinin, həmrəyliyinin ümumiləşdirilmiş ifadəsi kimi
dəyərləndirib.

Teqlər: