2021-2022 ci tədris illərində Azərbaycan Gənclərinin Nailiyyəti
İctimai Birliyi 7-ci və 8-ci siniflər üçün “Gənc Sahibkarlar”
layihəsini icra etmişdir. Bu layihə Azərbaycan Respublikası Təhsil
Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra edilmiş və MOL
Azərbaycan şirkəti tərəfindən maliyyələşdirilmişdir.
Layihəyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Qəbələ,
Qax, Zaqatala, Masallı rayonundan 30 pilot məktəb cəlb edilmişdir.
Ümumilikdə, layihədən 125 müəllim, 3237 şagird faydalanmışdır.
Layihə üç mərhələdə icra edilmişdir. İlkin mərhələdə müəllimlər
üçün maliyyə savadlılığı və sahibkarlıq istiqamətində distant
təlimlər təşkil olunmuşdu. Növbəti mərhələdə maliyyə savadlılığı və
sahibkarlıq təhsil kurikulumunun tərkib hissəsinə daxil edilərək,
pilot məktəblərdə fakültətiv dərs kimi müəllimlər tərəfindən tədris
edilmişdir.
Sonuncu mərhələdə isə layihədən faydalanan şagirdlər üçün Bakıda
və Qaxda “Yaşıl Gələcək üçün İnnovativ Həllər” adlı “Eko Bootcamp”
təşkil ediləcəkdir. “Bootcamp”ın məqsədi layihə çərçivəsində
sahibkarlıq dərslərində iştirak etmiş şagirdləri bir araya
gətirərək bu istiqamət üzrə əldə etdikləri bilik və bacarıqları
praktikada tətbiq etməkdir.
“Bootcamp” zamanı məktəblilər komandalar şəklində ekoloji
problemlər haqqında düşünərək innovativ həllər üzərində
işləyəcəklər. Məktəblilər tərəfindən hazırlanacaq layihələr
münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Yekunda qalib
komandalar müəyyən edilmiş nominasiyalar üzrə sertifikatlarla
mükafatlandırılacaq.
“Sahibkarlıq mahiyyətcə yaradıcı düşüncə tərzidir və bu təfəkkür
iqtisadi inkişaf və biznesin yaradılması üçün həyatı əhəmiyyət kəsb
edir. Bu səbəbdən MOL Azərbaycan şirkəti olaraq gənclərin
təşəbbüskarlıq bacarıqlarını artırmağa imkan yaradan, məktəblərdə
maliyyə savadlılığı və sahibkarlıq təhsilini təqdim edən layihəni
dəstəkləməkdən qürur duyuruq” – MOL Azərbaycanın icraçı direktoru
Atilla Somfai bildirib.
MOL Group baş ofisi Macarıstanın Budapeşt şəhərində yerləşən
neft-qaz, neft-kimya üzrə beynəlxalq istehlakçı və pərakəndə satış
şirkətidir. Şirkət 24000 isçi qüvvəsi ilə dünyanın 30-dan çox
ölkəsində fəaliyyət göstərir. MOL Group karbohidrogenlərin tədqiqat
və istehsalat işləri sahəsində 85 illik və karbon qazının (CO2)
yataqlara vurulması üzrə 30 illik təcrübəyə sahibdir. Hal-hazırda
şirkət 8 ölkədə hasilat və 6 ölkədə tədqiqat sahəsində fəaliyyət
göstərir.
MOL Group “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun
işlənməsi layihəsində səhmlərin 9.57% və Bakı-Tbilisi-Ceyhan boru
kəmərində səhmlərin 8.9%-ni əldə edərək 2019-cu ildə Azərbaycana
daxil olmuşdur. MOL Group Xəzər dənizində yerləşən nəhəng neft
yataqlarından biri olan “Azəri-Çıraq-Günəşli” yatağının üçüncü ən
böyük tərəfdaşıdır. Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yatağı
1997-ci ildə hasilata başlamışdır və BP şirkəti tərəfindən idarə
edilir.