Ermənistanın xüsusilə müxalif mediasında Azərbaycan ordusunun Zod (Söyüdlü) kəndinə və mədəninə daxil olduğu haqda tirajlanan iddia ilk baxışdan Paşinyan hakimiyyətinə qarşı ittiham kimi görünür. Və belə bir iddianı gündəmə gətirməklə “Paşinyan Bakı ilə sülh danışıqları aparır, amma Azərbaycan Ordusu irəliləyir” tezisini təbliğ etməyə çalışırlar.
Lakin burada bir məqam şübhələr də yaradır: Ermənistan Xarici İşlər Nazirliyi dünən sərhəddə qoşunların “güzgü prinsipi” əsasında çıxarılması haqda təkliflərinin qüvvədə olduğunu bəyan etdi. İrəvan Azərbaycan Ordusunun sərhəd boyu ərazilərdə mövqeləndiyi strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmağa hesablanmış bu təklifini daim səsləndirir, lakin dünən, yaxud ondan öncəki günlər bu haqda danışmağa zəmin yaradan hansısa hadisənin baş verməməsi xüsusilə diqqət çəkir.
İrəvan “güzgü prinsipi”nin vacibliyini göstərmək üçün sərhəddə gərginliyin olmasında maraqlıdır. Bu baxımdan, Ermənistan XİN-in dünənki bəyanatından sonra “Azərbaycan Ordusunun Zoda daxil olması” iddiasının tirajlanması diqqəti rəsmi İrəvanın üzərinə yönəldir. İstisna deyil ki, “güzgü prinsipi”ni yenidən gündəmə gətirən Ermənistan hakimiyyəti belə bir iddia ilə sərhəddə gərginliyin davam etdiyini və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərmək istəyir.
İddianın müxalif mediada tirajlanması iz azdırmaq məqsədi daşıya bilər.