Ordumuzun xanım əməkdaşları Vətən müharibəsində fədakarlıq göstərərək Qələbəyə töhfə veriblər – Zakir Həsənov

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə
xanımları təbrik edib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, təbrikdə deyilir:

“Əziz xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və
hər birinizə ən xoş arzularımı çatdırıram.

Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq
mübarizliyi ilə tanınıb. Onlar ölkəmizin ictimai-siyasi, mədəni
həyatında fəal iştirak etməklə Vətənin müdafiəsində və dövlətin
idarə olunmasında daim əzmlə çalışırlar.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ilin
sentyabrın 27-də başlayaraq 44 gün müddətində davam edən Vətən
müharibəsində rəşadətli Azərbaycan Ordusu işğal altında olan tarixi
torpaqlarımızı azad edərək Zəfər qazandı. Vətən müharibəsi
tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və
qürur mənbəyinə çevrildi. Bu Zəfərin əldə olunmasında göstərilən
qəhrəmanlıq, qorxmazlıq Azərbaycan qadınının gənc nəsli
vətənpərvərlik ruhunda tərbiyə etdiyini, onların xalqa, cəmiyyətə
layiqli övlad kimi formalaşdırmasının başlıca göstəricisi kimi
təsdiqləndi.


Respublikamızın həyatının bütün sahələrində qadınlarımızın aktiv
fəaliyyəti olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və
qürur mənbəyidir. Azərbaycan Ordusunun xanım əməkdaşları Vətən
müharibəsində həm ön, həm də arxa cəbhədə xüsusi fədakarlıq
nümunələri göstərərək Qələbənin qazanılmasına öz töhfələrini
veriblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin milli maraqlarına xidmət
edən və tarixi ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin
uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və
xeyirxahlığının, yüksək əxlaqi dəyərlərə, zəngin
mənəvi-intellektual səviyyəyə malik olduğunun bariz
nümunəsidir.

Bu gün Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi
təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər
sahələrdə xidmət edən, mülki işlərdə çalışan qadınlar Vətən
qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qadınlarımızın əziz
xatirəsini ehtiramla yad edir, bütün şəhid analarına və
xanımlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların
ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən
əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və
ehtiramımı ifadə edirəm.
İnanıram ki, bütün qadınlar kimi, ordu quruculuğunda xidmət edən və
çalışan ana və bacılarımız bundan sonra da ölkə rəhbərliyinin
etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq
Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirəcəklər.
Əziz xanımlar!

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha təbrik
edir, Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ölkəmizin
tərəqqisi və xalqımızın firavan gələcəyi naminə gördüyünüz işlərdə
uğurlar arzulayıram”.

Teqlər: