Ordumuzun qüdrətini hər kəs dərk etməlidir – Komitə sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 76 min 349 nəfər hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilmişdir. Silahlı qüvvələr günü ərəfəsində bu sərəncamın imzalanması xüsusi əhəmiyyət kəsb etməklə Ali Baş Komandanın hərbiçilərimizə olan sonsuz hörmət və ehtiramının ifadəsidir.

Çünki qalib ordumuz xalqımızın 30 illik torpaq, yurd – yuva həsrətinə 44 günlük müharibədə böyük rəşadət göstərərək son qoydu və işğal altında olan ərazilərimiz erməni təcavüzkarlarından azad edildi. Bu Azərbaycan xalqı üçün unudulmaz tarixi bir qələbə olmaqla ordumuzun gücünü, hərbiçilərimizin mübarizliyini, qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi və siyasi məharəti, hadisələri qabaqlaması və reallıqları hərtərəfli qiymətləndirməsi, xalqımıza arxalanması, dost dövlətlərin dəstəyini alması tarixi qələbəmizi təmin etməklə, ədalətin, haqqın yenilməzliyini sübuta yetirdi.

Orden və medallarla təltif edilən hər bir hərbiçinin adı bizim üçün əzizdir. Onlardan bir çoxu dünyasını dəyişib şəhidlik zirvəsinə yüksəlsə də xalqımızın qəlbində əbədi yaşayırlar. Çünki bu igidlər öz canlarını torpaqlarımızın azadlığı, insanlarımızın xoşbəxtliyi yolunda qurban verərək öz adlarını hərb tariximizə qızıl hərflərlə yazmışlar. Ən böyük hörmət və ehtirama layiq olan həbiçilərimizin keçdikləri döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar deməyə əsas verir ki, ordumuz güclüdür və hər bir düşmən üzərində qələbə qazanmaq mümkündür.

Bunu revanş götürmək həvəsində olan erməni təcavüzkarları ilə bərabər torpaqlarımıza göz dikən hər bir kəs yaxşı dərk etməlidir.

Tahir Rzayev

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Teqlər: