Ordumuzun iki rus əsgərini “yaralaması…” – Ermənilər ifşa oldu

Ordumuzun iki rus əsgərini “yaralaması…” – Ermənilər ifşa oldu

Xəbər verdiyimiz kimi, ötən gün “Ural” maşını ilə Ermənistanın sərhəddə yerləşən mövqelərinə təchizat daşıyan əsgərin qatı dumanda azaraq, guya Azərbaycan tərəfə keçdiyi haqda Ermənistan MN məlumat yaymışdı. İddia edilirdi ki, Ermənistan ordusunun əsgəri guya Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.

AzerTimes xəbər verir ki, məlumat dərhal Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təkzib edildi. Bu gün isə Ermənistan özü yoxa çıxan əsgərinin tapıldığını elan edib və dünənki yalanını özü təkzib etmək məcburiyyətində qalıb.

“Kalibr” isə olayın detallarını paylaşıb. Saytın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Qaragöl ətrafında ötən gün və bu gün qatı duman var. 21 mart saat 14:00 radələrində Rusiya hərbçiləri Azərbaycan Ordusu ilə əlaqə saxlayaraq, bir erməni əsgərin azdığını və Azərbaycan sərhədini keçə biləcəyi barədə məlumat veriblər. Azərbaycan tərəfi hər hansı erməni əsgəri müşahidə etmədiklərini bildirib və dərhal da döyüş postlarına o istiqamətdə sərhəd pozulması müşahidə edərkən, atəş açmamağı tapşırıb. Məqsəd isə erməni əsgərin azması və Azərbaycan tərəfə keçməsi ehtimalında onun məhv edilməməsi olub.

Bundan sonra azan erməni əsgər özü yolu tapa bilib və erməni postlarına gedib çıxıb.

Ermənistan sosial şəbəkə istifadəçiləri və mediasının daha bir şər və yalanı da elə bununla ifşa olunur. Belə ki, ötən gün ermənilər guya Rusiya hərbçiləri Azərbaycan tərəfi ilə əlaqə saxladığı, “əsir götürülən” erməni əsgərin qaytarılmasını istədikləri, Azərbaycan Ordusunun buna razılaşdığını iddia etmişdilər. Bildirirdilər ki, guya Rusiya hərbçiləri “əsir götürülən ermənini” təhvil almaq üçün gələrkən, Azərbaycan Ordusunun bölmələri “qatı duman səbəbindən” onları da seçə bilməyib və atəş açıb, nəticədə iki rus əsgər yaralanıb, ardınca isə ərazini tərk etməyə məcbur olublar. Hətta bəzi erməni “mənbələri” rus əsgərlərin öldüyünü də iddia etmişdi.

Məlumata görə, “Patriot” UAZ-ı ilə erməni əsgəri axtarmaq üçün əraziyə yaxınlaşan Rusiya əsgərlərinə doğrudan da atəş açılıb, ancaq bu, erməni postunun yaxınlığında baş verib. Həmin müddətdə Azərbaycan Ordusuna Qaragöl istiqamətində atəş açmamaq barədə verilən əmr qüvvədə olub.

Müvafiq məlumat Rusiya hərbi komandanlığının diqqətinə çatdırılıb. Yeri gəlmişkən, ruslar rus hərbçilərinin güllə yarası almadığını bildiriblər. Güllə yalnız maşının şüşəsinə dəyib. Bunu bu gün Gorus administrasiyasının mətbuat xidməti də təsdiqləyib.

Azərbaycan tərəfi ballistik ekspertizanın keçirilməsini tələb edib, çünki rus əsgərlərinin maşınına ermənilərin güllə atdığına əmindir.

Teqlər: