Artıq bir neçə ildir ki, Azərbaycan və Pakistan arasında bu istiqamətdə danışıqlar aparılırdı. Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov dəfələrlə Pakistanda olub, eyni zamanda oradan da Azərbaycana səfərlər baş tutub və nəticədə danışıqlar müsbət nəticələndi. Yəni JF-17 C qırıcılarının həm döyüş, həm də təlim variantlarının alınması ilə bağlı razılıq əldə edildi.
Bu sözləri AzerTimes-a Azərbaycanın Pakistandan JF- 17 C Blok III qırıcılarını alması ilə bağlı danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Hərbi ekspert sözügedən qırıcıların ölkəmizin etibarlı şəkildə müdafiəsində böyük rol oynayacağını vurğulayıb:
“Bəhs etdiyimiz qırıcılar bir müddət öncə artıq ölkəmizdə olmalı idi, amma ortaya çıxan müxtəlif səbəblərə görə proses gecikdi. Əlbəttə ki, ölkəmizin hava məkanında “4+” nəsil qırıcı təyyarələrinin olması Azərbaycanın döyüş, eyni zamanda müdafiə imkanlarını çox gücləndirəcək.
JF-17 C Blok –III qırıcılarının üstünlüyü onun məsrəflərinin az olması, texniki baxışın o qədər də çox vəsait tələb etməməsidir. Bu bizə daha çox qırıcı təyyarə almaq və döyüş hazırlığı səviyyəsində saxlamaq imkanı verir. Təyyarə beşinci nəsil olduğu üçün onun radarlar tərəfindən aşkarlanması da çətindir. Bildiyiniz kimi, bir sıra təlimlər çərçivəsində qardaş Türkiyənin F-16 qırıcı təyyarələri ölkəmizdə olub. Həmin təlimlərdə bizim pilotlarımız F-16 qırıcılarında, Türkiyənin pilotları isə Azərbaycanın döyüş təyyarələrində müxtəlif tapşırıqlar icra ediblər. Yəni pilotlarımızın yeni nəsil qırıcı idarə etmək təcrübəsi var”.
Polkovnik Azərbaycanın yaxın illərdə Türkiyədən də beşinci nəsil “Kaan” qırıcılarını alacağını istisna etməyib. O, Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil olacaq Pakistan və Türkiyə qırıcılarının MiQ və “Su”ların yerini tutacağını qeyd edib:
“Yeni alınan silah və hərbi texnika Ordumuzun təchizatında öz yerini tutacaq. Ötən əsrin 90-cı illərində Müdafiə Nazirliyinin arsenalında olan silah-sursat və hərbi texnikanın yüz faizi keçmiş SSRİ və Rusiya istehsalı idi. İndi isə bu faiz dərəcəsi əhəmiyyətli dərəcədə azalıb və yəqin ki, bir müddət sonra nə MiQ-lər, nə də “Su”lar qalacaq”.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında 1,6 milyard dollarlıq müqavilə imzalanıb. Müqavilə Azərbaycanın JF-17C Blok-III qırıcılarının, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş ləvazimatlarının alınmasını nəzərdə tutur.