Ordumuzda təkmilləşdirmə kursu başa çatdı

Ordumuzda təkmilləşdirmə kursu başa çatdı

Azərbaycan Ordusunda kadr orqanı işçilərinin nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da yüksəldilməsi məqsədi ilə keçirilən təkmilləşdirmə kursu başa çatıb.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan sınaq imtahanın sonunda buraxılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Buraxılış mərasimində çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov kadr orqanı işçilərinin təkmilləşdirilməsi, bu sahədə nailiyyətlərin əldə edilməsi üzrə Azərbaycan Ordusunda aparılan işlərdən danışıb. İdarə rəisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar müasir tələblər çərçivəsində təkmilləşdirilir.

Sonra general-mayor E.Xəlilov kurs iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərinə dair tövsiyələrini verərək uğurlar arzulayıb.

Qeyd edək ki, kurs müddətində dinləyicilərə Azərbaycan Ordusunda müasir innovativ metodlardan istifadə etməklə uğurlu kadr siyasətinin reallaşdırılması haqqında mühazirələr oxunub. Şəxsi heyətin uçotunun aparılması və təltif edilməsi, onlara fəxri adların və mükafatların verilməsi qaydaları öyrədilib.

Bundan əlavə hərbi xidmətə qəbul, planlı şəkildə yerdəyişmə (rotasiya), ehtiyata və istefaya buraxılma qaydaları, həmçinin hərbi qulluqçuların sosial məsələləri və xidmətlə bağlı digər zəruri mövzularda məşğələlər keçirilib.

Teqlər: