2 il bundan öncə – 12 iyul 2020-ci ildə Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhəddinin Tovuz rayonu istiqamətində qanlı döyüşlər baş verdi. İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdu.
Ermənistan növbəti hərbi təxribata, daha doğrusu, növbəti hücuma cəhd etdi. El-oba, xalq-dövlət yüksək vətəncanlılıq hissi ilə birlik nümayiş etdirdi. Hər kəs silaha sarılmaq, azğın düşmənə layiqli cavab verməkçün müraciət etdi.
Döyüşlərin elə ən ilk saatlarındanca hər kəsə aydın oldu ki, Azərbaycan özünün torpaqlarını qətiyyətlə qoruyacaq! Qorudu da!
Ordunun, xalqın öz Ali Baş Komandanına sarsılmaz inamının nəyə qadir olduğunu dost da, düşmən də gördü. İşğalçı zehniyyətli, demokrat libaslı Paşinyan hökumətinin və havadarlarının Tovuzda planlaşdırdığı oyunlar suya düşürüldü, düşmənin Tovuza hücumla Qarabağdan diqqəti yayındırmaq cəhdləri sıfırlandı.
O məsuliyyətli günlərdə beynəlxalq ictimaiyyətdən, qonşu və dostlardan ən təsirli reaksiya yenə məhz qardaş Türkiyədən, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğandan gəldi:
“Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlik hər cür hücumuların qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcəkdir. Bölgəmizdəki və dünyadakı bütün siyasi, diplomatik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur”.
Beləliklə, 12 iyul-16 iyul 2029-ci il aralığında gedən döyüşlər və sonrakı günlərdə də müşahidə edilən atəşkəs pozuntuları sonucunda Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndləri ağır artilleriya silahlarından atəşə tutuldu, dağıntılar oldu, eləcə də Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə də xeyli ziyan dəydi. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alındı, qəhrəman hərbçilərimiz şəhid oldu.
Hərbi və mülki şəxslərin şəhid olmasından başqa, yaralananlar oldu, infrastruktura (qaz, elektrik xətlərinə, yollara) ziyan dəydi, dinc əhalinin şəxsi evləri, mülkləri dağıntıya məruz qaldı.
Tovuz döyüşləri xalqın milli qürur hissini, öz Ali Baş Komandanına, öz dövlətinə, öz generalına, ordusuna inamını, sonsuz sevgisini bir daha göstərdi. 44 günlük Vətən Müharibəsi 4 günlük Tovuz döyüşlərində xalqın kökləndiyi yüksək inamın, intiqam hissinin nələrə qadir olduğunu parlaq şəkildə göstərdi.
General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, şəhidlərimizin hər birinin ümumxalq izdihamı ilə dəfni, şəhidlərin ruhuna böyük sayğının, onların döyüş yolunun davam etdiriləcəyinə sarsılmaz inamın böyük təcallasıydı. Azərbaycan Prezidentinin çağırış ilə onminlərlə gəncimiz (habelə fərqli yaş qrupundan olan vətəndaşlarımız) könüllü surətdə cəbhəyə yazıldı.
44 günlük müharibədə neçə-neçə gənc əsgər, zabit və könüllümüz “generalın intiqamını almaqçün”, “şəhidlərin qanını almaqçün” kimi daxili qərar, inam və qarşısıalınmaz hisslərlə düşmənə unudulmaz dərs keçdi.
Tovuz Döyüşlərində şəhidlik mərtəbəsinə yüksələn əziz şəhidlərimizin timsalında bütün şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirəm!
Dövlətimiz var olsun!