Ordumuz Türkiyədə öz təcrübəsini göstərdi – General

Ordumuz Türkiyədə öz təcrübəsini göstərdi – General

EFES-2024 təlimi bu il 45 ölkədən 11 min hərbçinin iştirakı ilə keçirildi. Təlimdə tapşırıqlar iki əsas hissə şəklində icra edildi. Birinci hissədə kompüter dəstəkli komanda-qərargah, ikinci hissədə isə quru, dəniz və havadan atəş tapşırıqları yerinə yetirildi.

Bu sözləri AzerTimes-a Türkiyədə keçirilən EFES -2024 çoxmillətli təliminin əhəmiyyəti haqqında danışan qardaş ölkənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General təlimi Türkiyə və Azərbaycan arasında müdafiə sahəsində əlaqələrin gücləndirilməsinin növbəti səhifəsi kimi dəyərləndirib:

“Təlim müştərək hərəkat adlandırılan quru, dəniz və hava hərəkatları zamanı son taktika və texnikanın istifadəsi, yeni silah, logistika sistemlərinin sınaqdan keçirilməsi, bununla yanaşı Türkiyə və Azərbaycanın terrorla mübarizədə, eyni zamanda Qarabağ müharibəsində əldə etdiyi təcrübənin nəzəri-praktiki vəsaitlərə daxil edilməsi baxımından xüsusi önəm daşıyır. Əsas hədəf qardaş və dost ölkələrlə hərtərəfli şəkildə koordinasiyanın təmin edilməsidir. Bu il ilk dəfə təlim İzmirlə yanaşı, bir neçə vilayətdə və daha geniş vaxt çərçivəsində keçirildi. Bununla bərabər təlim iştirakçıları gündüz və gecə saatlarında öz hərəkat imkan və qabiliyyətlərini nümayiş etdirdilər. Azərbaycan hərbçiləri də təlimdəki fəal iştirakları ilə diqqəti cəlb etdilər. Ölkəmizin qonaqları təlim tapşırıqlarının icrası zamanı və sərgidə 33 yeni silah və silah sistemləri ilə əyani şəkildə tanış olmaq imkanı qazandılar. Müdafiə naziri Yaşar Gülərin dəvəti ilə Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri isə Şuşa Bəyannaməsindən irəli gələn “Bir millət, iki dövlət, tək ordu” hədəfinə çatmaq üçün sahədəki fəaliyyətlərin koordinasiyası məqsədilə atılan növbəti addımdır. Müdafiə nazirləri həm də bir sıra məsələləri müzakirə etdilər. Builki EFES-2024 təlimi də digərləri kimi dosta güvən verdi, düşmənin isə canına qorxu saldı”.

Teqlər: