Biz dəfələrlə Ermənistanın sülh danışıqları ilə bağlı proseslər ərəfəsində təxribatlar törətdiyinin şahidi olmuşuq. Son təxribat və Ordumuzun mövqelərinə PUA hücumları da eyni mahiyyətdədir.
Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin bu gün Ordumuza qarşı təxribatlarında PUA-lardan istifadə etməsi haqda danışarkən deyib.
Hərbi ekspert çıxış yolu kimi bufer zonanın yaradılmasının mümkünlüyünə diqqət çəkib:
“Hesab edirəm ki, belə bir mürəkkəb vəziyyətdə ölkəmizin diplomatları, siyasətçiləri danışıqlar prosesinə davam etməli, Ordumuz isə daha sərt addımlar atmalıdır. Təbii ki, tarixi torpaqlarımızdan suveren ərazilərimizə, vətəndaş və hərbçilərimizə təhdidlər yaradılması dövlətimiz üçün qəbuledilən məsələ deyil. Şərti sərhəddə bufer və ya təhlükəsizlik zonasının yaradılması təxribatların qarşısının alınmasında çıxış yolu ola bilər. Ermənistan isə danışıqlarda sülhlə bağlı deyil, sərhəd toqquşması ilə əlaqədar məsələlərin müzakirə olunmasını istəyir. Ona görə də sözügedən vəziyyətə zəmin hazırlamaq üçün təxribatlara əl atır”.
Qeyd edək ki, bu gün saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları ilə hücum edilib. Ordumuz itki verməyib, cavab tədbirləri görülür.