Əgər biz Paşinyan ilə Ararat Mirzoyanın son bəyanatlarına fikir versək, onların arasında fikir ayrılığını görə bilərik.
Bu sözləri AzerTimes-a açıqlamasında siyasi şərhçi Elşən Məcidov deyib.
Siyasi şərhçi Mirzoyanın öz sözləri ilə sülh prosesini zədələdiyini bildirib:
“Mətbuatda Ararat Mirzoyanının parlamentdəki açıqlamasından yalnız “Qarabağdakı ermənilərdən onların gələcəyi barədə danışıqlar aparmaq üçün mandat almadıqları” məsələsi önə çıxdı. Mirzoyan çıxışında Qarabağla bağlı “dağlıq”, “xalq” və “seçilmiş və səlahiyyətli institutlar” sözlərindən istifadə edib. Belə açıqlama vermək bugünədək əldə edilmiş irəliləmələrin, bütün prosesin üstündən xətt çəkmək deməkdir. Çünki Azərbaycanda “Dağlıq Qarabağ” adında bir ərazi vahidi yoxdur. Digər tərəfdən belə məsələlərdə “əhali” və “icma” sözləri işlədilir. Fikrimcə, Qarabağdakı ermənilərlə bağlı “icma” sözü daha doğrudur. Yəni bu etnik azlıq deməkdir və Qarabağdakı ermənilər də vətəndaşlığı qəbul edəcəkləri halda ölkəmizdəki digər etnik azlıqlarla eyni hüquqlara sahib olacaqlar. Lakin Mirzoyan “xalq” sözü ilə Qarabağdakı ermənilərin öz müqəddəratını həll etmək hüququnun olduğunu vurğulamaq istəyir. Ancaq ermənilər bir dəfə bundan istifadə edib Ermənistanı qurublar. Sonuncu “seçilmiş və səlahiyyətli orqan” ifadəsi də Xankəndinin müstəqil hüquqi subyekt kimi tanınmasına, Bakı ilə separatçılar arasında birbaşa və bərabərhüquqlu dialoqun başlaması məqsədinə yönəlib. Amma İlham Əliyev sonuncu dəfə dialoqun şərtlərini açıq və qəti şəkildə bəyan etdi”.
Elşən Məcidov Paşinyanın vəziyyətə daha real baxdığını və ekspansionist iddiaların ölkəsi üçün gətirə biləcəyi fəlakətlərin fərqində olduğunu vurğulayıb:
“Paşinyan isə açıqlamalarında bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsə də, müəyyən xarici və daxili təzyiqlərin öhdəsindən tam şəkildə gələ, qəti addım ata bilmir. Onun qarşısında seçimlər o qədər çox deyil. Ortada tarixi gerçəklik var. Yəni Ermənistan baş naziri çox yaxşı anlayır ki, Türkiyə və Azərbaycana ərazi iddialarını davam etdirmək əks reaksiya doğura bilər və bunun tarixi əsasları var. Yəni sabah Ankara və Bakının səbri tükənsə, tarixi məsələləri və İrəvandan gələn təhlükələri əsas gətirərək Ermənistan ərazisinə daxil ola və orada müəyyən məsafədə bufer zona yarada bilər. Bunun keçmişdə və indi örnəkləri var. Gəlin, sözügedən zonanın Ermənistan ərazisində 30-40 km dərinlikdə yaradıldığını düşünək. O zaman Ermənistandan geriyə nə qalacaq? Ona görə də Paşinyan Armen Qriqoryan və Ararat Mirzoyandan fərqli olaraq nisbətən qənaətbəxş açıqlamalar verir. Paşinyan ya bütün Qazaxın 7 kəndi və Kərki iddialarından, Zəngəzurla bağlı inaddan, Qarabağdakı manipulyasiyalardan əl çəkib sülh müqaviləsinə imza atacaq, yaxud Azərbaycan hərbi yolla bunu edib sözügedən kəndlərlə ölkəmizi ayıran aradakı otlaq sahələrini və s. sərhədlərimizə qatacaq. Bunun üçüncü bir yolu yoxdur. Situasiya Paşinyan baxımından olduqca risklidir. Çünki sülh müqaviləsini imzalasa, erməni revanşistlərin və diasporun hədəfi olacaq. İmzalamasa da, dövlətçilik yox olmaq təhlükəsi ilə üzləşəcək. Hazırda isə Ermənistan baş naziri mütəmadi açıqlamalarla cəmiyyəti növbəti mərhələyə hazırlamağa, onlara ərazi iddialarının ölkəni sürükləyə biləcəyi fəlakəti izah etməyə çalışır. Əgər növbəti dəfə rəsmi İrəvan sülhdən imtina etsə, bu həm Qərbə, həm Rusiyaya, həm də Türkiyə və Azərbaycana üz çevirmək və intihar mənasına gələcək”.