Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Raket və Artilleriya birləşmə, hissə və bölmələrində döyüş hazırlığı üzrə praktiki məşğələlər planına uyğun olaraq poliqon və təlim sahələrində davam etdirilir.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məşğələlərə özüyeriyən və yedəklənən artilleriya qurğuları, “Qasırğa”, “Smerc”, “Qrad” yaylım atəşli reaktiv sistemlər, minaatan batareyaları və radiolokasiya kəşfiyyat kompleksləri cəlb edilir.
Raket və Artilleriya birləşmə, hissə və bölmələrin hazırlığında əsas diqqət pilotsuz uçuş aparatlarından və qoşun kəşfiyyatı vasitələrindən istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, hədəflərin aşkar edilməsi, atəş tapşırıqlarının yerinə yetirilməsi üzrə şəxsi heyətin praktiki vərdişlərinin artırılmasına yönəldilir.
Keçirilən məşğələlərdə silahlanmada olan pilotsuz uçuş aparatlarını və lazer məsafə ölçənlərini tətbiq etməklə hədəflərin koordinatlarının dəqiq təyin edilməsi atəş tapşırıqlarının effektiv həllində şəxsi heyətin hazırlığına öz müsbət təsirini göstərir.
Raket və Artilleriya birləşmə, hissə və bölmələrin döyüş hazırlığı səviyyəsi, atəş və atəşin idarə olunmasına və nəzarət kompleks məşğələlərində batareya və divizion tərkibində yoxlanılaraq qiymətləndirilir.