Biz İkinci Qarabağ müharibəsindən sonra davamlı şəkildə belə informasiyalarla rastlaşırıq. Ya Rusiya sülhməramlıları adlandırılan hərbi kontingent hansısa əraziləri nəzarətə götürməyə çalışır, yaxud da Azərbaycan Ordusu təhlükəsizlik tədbirləri üçün hansısa əraziyə qalxır. Bu proses permanent, yəni daimi gedən prosesdir.
Bu sözləri AzerTimes-a açıqlamasında Aşağı Şorca kəndi yaxınlığındakı mövqeləri Azərbaycan Ordusunun nəzarətə götürməsi ilə bağlı yayılan informasiyalar haqda danışan təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu deyib.
Ekspertin sözlərinə görə, hazırda strateji nöqtələr uğrunda mübarizə gedir:
“Etiraf etmək lazımdır ki, burada bəzən dezinformasiya, qeyri-dəqiq məlumatlar olur. Məsələn, Fərrux kəndi və yüksəkliyi ilə bağlı məsələdə də həddindən artıq ziddiyyətli məqamlar var idi. Hələ də bəhs etdiyimiz məsələdə qeyri-müəyyənliklər qalmaqdadır. Hətta Fərrux kəndində rus sülhməramlılarının bayraq sancmalarının da görüntüləri yayıldı.
Burada söhbət nədən gedir? İlk növbədə qeyd etməliyəm ki, rus sülhməramlıları Qarabağın dağlıq hissəsinə yerləşdirildikləri zaman bütün strateji nöqtələri, yüksəklikləri öz nəzarətlərinə götürməyə çalışdılar. Onlar Laçında, Şuşanın ətrafında bəzi nöqtələrdə, eyni zamanda bizim üçün vacib əhəmiyyətli Ağdərə məsələsində qismən buna nail oldular. Müharibə zamanı torpaqlarımızı işğaldan azad etməyimiz Azərbaycanın məğlub statusundan qalib statusuna keçməsi deməkdir. Amma bütün müharibələrin arxasında regional siyasi və geosiyasi amillər dayanır. Bu mənada Qarabağ müharibəsi, ümumiyyətlə, oradakı separatizmin hələ SSRİ dönəmindən başlayaraq qızışdırılması, stimullaşdırılması, dəstəklənməsi, Azərbaycan torpaqlarının faktiki olaraq Rusiya tərəfindən işğal edilərək Ermənistana verilməsi ilk gündən etibarən geosiyasi məsələ olub. Əgər biz aparılan işləri, atılan addımları diqqətli şəkildə nəzər yetirsək, onda kəndlərin, yüksəkliklərin, üçüncü dərəcəli önəmli məntəqələrin ələ keçirilməsi uğrunda gedən gizli mübarizənin əsasən strateji nöqtələrin ətrafında getdiyini görərik”.
Ərəstun Oruclu Aşağı Şorca kəndinin Basarkeçər-Ağdərə yolu üzərində yerləşdiyini, sözügedən yolun isə Ağdərənin, Tərtərin və digər bölgələrin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Bizim bəhs etdiyimiz Aşağı Şorca kəndi də Basarkeçər və Ağdərə yolunun üzərindədir. Diqqət yetirirsinizsə, Azərbaycan Ordusu da həmin yolun yaxınlığındadır. Hədəf isə ən azından həmin yola artilleriya məsafəsində yaxınlaşmaqdır. Bütün hallarda söhbət həmin yola nəzarətdən gedir. Biz həm də rus sülhməramlılarının və onların himayə etdikləri separatçı tör-töküntülərin silahlı dəstələrinin Tərtər istiqamətində fəallaşdığını müşahidə etdirik. Bu, təsadüfi deyil. Ağdərəyə çıxışı təmin edən həmin Basarkeçər-Ağdərə yoludur. Təbii ki, Azərbaycan Ordusu o yolu atəş nəzarətinə götürməlidir ki, sabah hansısa bir gərginlik yarandığı halda Ağdərəni əldə saxlasın. Rus-erməni koalisiyasının Ağdərədən Tərtər istiqamətində fəallaşması isə oranı təhlükə altında qoymaqdır. Çünki Tərtər strateji əhəmiyyət kəsb edir, hazırlanmış düşmən planına görə, 44 günlük müharibə ərzində işğal olunmalı idi. Rus qoşunları yalnız Qarabağın dağlıq hissəsinə deyil, həm də Goranboya daxil olmalı idi ki, Gəncə dəhlizini nəzarətə götürsün. Bu, faktiki olaraq Azərbaycanı iki yerə bölmək, o cümlədən Bakı-Tiflis-Qars dəmir yoluna, Bakı-Tiflis-Ceyhan neft kəmərinə, TANAP qaz kəmərinə, Trans-Avropa-Asiya internet və kommunikasiya xəttinə, Bakı-Tiflis avtomobil yoluna nəzarət demək idi. Mübarizə kommunikasiya xətləri uğrunda gedir. Ona görə də Azərbaycan Ordusunun Basarkeçər-Ağdərə yolunu nəzarəti bərpa etmək, yaxud onu təmin etməklə bağlı atdığı addım strateji məsələdir. Çünki Azərbaycana təhdid yarana biləcək nöqtələrdən biri, bəlkə də birincisi Ağdərədir. Məhz o səbəbdən Rusiya Ermənistanı Kəlbəcərdən çıxmağa və rayonu Azərbaycana qaytarmağa məcbur etdi, lakin Ağdərədə bunu etmədi. Kəlbəcərə gedən yol Ağdərə ərazisindən keçir. Azərbaycana Basarkeçər-Ağdərə yolunun nəzarətə götürülməsi çox ciddi üstünlük qazandırır”.
Ekspert Azərbaycanda Rusiya üçün əhəmiyyətli olan üç strateji istiqamətdən də bəhs edib:
“Azərbaycanda Rusiya üçün əhəmiyyətli olan üç strateji istiqamət var. Bunlardan biri Gəncə dəhlizinə çıxmaq və onu kəsmək üçün Tərtər istiqamətidir, digəri Tovuz istiqamətidir, üçüncüsü isə Şuşadan keçməklə Cəbrayıl istiqamətidir. Cəbrayıldan Xudafərin nəqliyyat-kommunikasiya xətti İrana, oradan da Yaxın Şərqə keçir. Bu, Azərbaycan üçün böyük siyasətin tam mərkəzində, ortasında olmaq deməkdir. Diqqət yetirsək görərik ki, əslində İkinci Qarabağ müharibəsi 2020-ci ilin iyul ayında Tovuzdan başladı. Çünki Tovuz Gəncə dəhlizinin çıxışına ən yaxın məsafələrdən biridir. İkinci yaxın məsafə Tərtərdir.
Biz hər üç nöqtədə təxribatları gördük. İyulda Tovuza, sentyabrda Tərtərə hücum oldu. Nəticədə müharibə başladı və Azərbaycan çox unikal əməliyyat keçirərək Şuşanı işğaldan azad etdi. Sonra Şuşaya iki “İsgəndər” raketi atıldı. Bu fakt artıq sübut olunub və nəhayət biz bəhs etdiyimiz üç istiqamətdə Azərbaycan Ordusunun öz mövqelərini gücləndirdiyini görürük. Komandolar üçün Cəbrayıl istiqamətində yeni hərbi hissələrin, bazaların inşası təsadüfi deyil. Azərbaycan Şuşada, Kəlbəcər istiqamətində güclənir, Tovuz istiqamətində də yəqin ki, mövqelərimiz möhkəmləndirilir. Bütün sadaladığımız addımların atılması, qarşı tərəfin təhdid yarada biləcəyi strateji yollara, yüksəkliklərə nəzarət ərazi bütövlüyümüz üçün zərurətdir”.