AB-dən belə açıqlamaların verilməsi gözləniləndir. Onlar işğal dövründə də öz qərəzli mövqelərini gizlətmirdilər, proseslərə türklərin, müsəlmanların pis, barbar, xristianların isə yaxşı olduqları düşüncəsi ilə yanaşırlar. Bu da orada ifrat sağ düşüncənin gücləndiyini göstərir.
Bu sözləri AzerTimes-a dünən AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında ölkəmiz əleyhinə səsləndirdiyi ittihamlar haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Alimin sözlərinə görə, Ermənistan bütün beynəlxalq anlaşmaları heçə saydığı üçün Azərbaycan da beynəlxalq hüquqa görə bu ölkənin bütün ərazisinə haqq iddia etmə hüququna sahibdir:
“O ki qaldı Azərbaycan-Ermənistan məsələsinə, yenə də eyni düşüncə və mövqe özünü büruzə verir. Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra dünyanın ən önəmli təşkilatı BMT-nin iki dəfə bölgəyə göndərdiyi missiyanın gəlib heç bir zorakılık faktı tapmamasına baxmayaraq, AP-nin hazırlanan hesabatı tapdalayaraq əleyhimizə qətnamə qəbul etməsi də eyni zeyniyyətin təzahürüdür. Açıq şəkildə bildirmək lazımdır ki, beynəlxalq hüquqa görə Ermənistan torpaqlarımızı işğal etdiyi zaman bütün razılaşmaların üzərindən xətt çəkib. Əgər Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasına razı olmasa, sülh müqaviləsi imzalamasa, Azərbaycanın istənilən qədər irəliləmək və əraziləri nəzarətə götürmək haqqı var. Çünki bütün razılaşmaları pozan biz yox, onlardır. Avropa Birliyi də bunu çox yaxşı bilir. Sülh müqaviləsinin imzalanmayacağı təqdirdə nələrin baş verə biləcəyini dərk edirlər, ona görə də Borrell və başqa rəsmilər belə açıqlamalar verir. AB-dən 30 ilə yaxın davam edən işğal dövründə niyə bu formada kəskin mövqe sərgiləmədiyinin hesabını soruşmaq lazımdır. Borrellin son təhrikedici açıqlaması münasibətlərə ciddi şəkildə zərbə vurur, eyni zamanda beynəlxalq hüququn təməl fəlsəfəsini birbaşa pozur”.
Professor bölgədə Azərbaycan və Türkiyənin maraqlarını görməzdən gəlməyin mümkün olmadığını vurğulayıb:
“Fikrimcə, Azərbaycan XİN yalnız açıqlama ilə kifayətlənməməli, etiraz notası da verməlidir. Fransanın Ermənistanı silahlandırılması da eyni məqsədə xidmət edir. AB rəsmi İrəvanın KTMT və Avrasiya İqtisadi Birliyinə üzvlüyünü gözardı edərək onun üzərindən Cənubi Qafqaza daxil olmağa çalışır. Ermənistan ölkədə AB missiyasının heyətinin sayını artırmaqda tam sərbəstdir. Çünki İrəvan-Moskva-Brüssel üçbucağında meydana gələ biləcək hadisələrin məsuliyyətini də son nəticədə özləri daşımalı olacaq. Ancaq AB və onun üzvləri həm də birdəfəlik anlamalıdır ki, diktə yolu ilə, Türkiyə və Azərbaycanın təhlükəsizlik maraqlarını, ölkəmizin suverenliyini heçə saymaqla bölgəyə daxil olmaq, hansısa oyun qurmaq mümkün deyil. Mövzu müstəqillik, suverenlik və ərazi bütövlüyüdürsə, burada güzəşt, kompromis və geri addım olmur. Heç kim bizdən belə bir şey gözləməsin”.